27.10.2025, 09:37
AZ EN
13.08.2025, 10:00 269

Füzuli rayonunda müşavirə keçirildi

QARABAĞ
  • Füzuli rayonunda vətəndaş müraciətlərinin icra vəziyyətinin təhlili və müzakirələrinə həsr edilmiş müşavirə keçirildi. Füzuli rayon Muğam Mərkəzində keçirilən müşavirədə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələr, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Müşavirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Füzuli RİH-nin başçısı Alı Alıyev müşavirəni giriş sözü ilə açaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini də vətəndaş-məmur münasibətlərinin düzgün qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil etdiyini diqqətə çatdırdı. Alı Alıyev Füzuli rayonunda bu məsələnin hər zaman diqqətdə saxlanıldığını, hər bir vətəndaşın, xüsusilə həssas təbəqədən olan vətəndaşların müraciətlərinə operativ və qanuni münasibət bildirildiyini bir daha vurğuladı.

Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Orxan Ağakişiyev çıxış edərək 2025-ci ilin ilk 7 ayı ərzində vətəndaşların müraciətlərinə baxılması, müraciətlərin yaranmasına səbəb olan amillərin araşdırılması, təhlil edilməsi və narahatlıq doğuran amillərin müəyyənləşdirilərək aradan qaldırılması Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatında ciddi nəzarətdə saxlanıldığını bildirdi. Daha sonra cari ilin 7 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Rayon İcra Hakimiyyətində 901, səyyar görüşlərdə isə 89 vətəndaş qəbul etdiyini vurğuladı. O, qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşıldığını, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görüldüyünü, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

Orxan Ağakişiyev 2025-ci ilin ilk 7 ayı ərzində Rayon İcra Hakimiyyətinə ümumilikdə 335 vətəndaş müraciəti daxil olduğunu və ötən ilin müvafiq dövrü ilə müqaisədə müraciətlərin 88 vahid azldığını bildirdi.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon qəbul şöbəsinin müdiri Vüqar Pənahov çıxış edərək hal-hazırda 8628 nəfər pensiyaçıya xidmət göstərdiklərini, bunlardan 5591 nəfəri yaşa görə, 2403 nəfəri əlilliyə görə, 634 nəfər ailə başçısını itirdiyinə görə pensiya alanlar olduğunu bildirdi. Vüqar Pənahov Füzuli rayon üzrə müavinət, təqaüd və kompensasiya alanların 10274 nəfər təşkil etdiyini, bunlardan 4942 nəfər sosial müavinət, 5328 nəfər təqaüd, 4 nəfər isə kompensasiya alanlar olduğunu diqqətə çatdırdı.

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Füzuli rayon xidmət şöbəsinin baş mütəxəsisi Tanrıverdi Həsənzadə çıxış edərək, 2025-ci ildə 443 nəfər vətəndaşın işlə təmin olunduğunu, Sığorta ödənişi üzrə 724 vətəndaşa ödəniş verildiyini, vətəndaşların məşğulluğunun təminatı üzrə 86 ailənin özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı və istehsal-xidmət fəaliyyəti üzrə aktivlərlə təmin olunmasının gözlənildiyini, hazırda 50 nəfər vətəndaşın artıq özünüməşğulluq zərfləri ilə təmin olunduğunu bildirdi.

Daha sonra Füzuli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Emil Nağıyev çıxış edərək, qanunsuz küçə ticarətinin yaratdığı məsuliyyət və ciddi problemlər barədə məlumat verdi. Emil Nağıyev Rayon Polis Şöbəsi və Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində vətəndaşların gur toplaşdığı Bala Bəhmənli kəndi ərazisində yerləşən 4 yol adlanan ərazidə, Zobucuq və Qayıdış qəsəbələrində küçə ticarətinin qarşısının alındığını, eləcə də rayon ərazisindən keçən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunda hərəkətin intensivliyinə mane olan məişət və təsərrüfat mallarının küçələrdən yığışdırıldığını və onların yerində nəqliyyat vasitələrinin parklanması üçün yerlər yaradıldığını bildirdi.

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Cavidan Əliyev çıxış edərək, 2025-ci ilin birinci yarımilində rayon ərazisində məişət və istehsal tullantılarının idarə edilməsi ilə bağlı aşkarlanmış qanun pozuntuları üzrə 14 inzibati protokol, 16 inzibati akt tərtib olunduğunu, rayon ərazisində aşkar edilmiş yaşıllıqların mühafizəsi qaydalarının pozulması ilə əlaqədar 4 fakt üzrə toplanmış sənədlərin aidiyyəti orqanlara göndərildiyini bildirdi.

Müşavirədə iştirak edən vətəndaşlar açıq mikrafonlar vasitəsilə öz müraciət, təklif və problemlərini səsləndirdilər. Səsləndirilən problemlərin həlli üçün rayon rəhbərliyi tərəfindən aidiyyəti qurumlara göstəriş və tapşırıqlar verildi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər