16.06.2025, 02:41
AZ EN
15.06.2025, 13:52 117

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

QARABAĞ
  • Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir.

Bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Qazaxıstanın “AMANAT” Partiyasının icra katibi - Daulet Kəribek deyib.

Daulet Kəribek bildirib ki, konfransın Azərbaycan tarixinin mühüm günlərindən biri – Milli Qurtuluş Günündə keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas edib, ictimai-siyasi sabitliyi bərpa edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Heydər Əliyev müasir, dinamik inkişaf edən Azərbaycanın memarı hesab olunur. Onun müdrik rəhbərliyi altında ölkədə dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirildi. Bu çətin və mürəkkəb yolu keçərək Azərbaycan böyük irəliləyişə nail oldu və dünya birliyinin nüfuzlu üzvünə çevrildi. Heydər Əliyevin həyatı xalqa fədakar xidmət nümunəsidir.

“AMANAT” partiyasının icra katibi Azərbaycanın davamlı inkişaf etdiyini və beynəlxalq nüfuzunun gücləndiyini vurğulayıb. Bildirib ki, ölkə özünün memarı Heydər Əliyevin arzuladığı uğurlara çatmaqdadır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu önə çəkən D. Kəribek vurğulayıb ki, artıq bir neçə ildir Milli Qurtuluş Günü məhz Şuşada qeyd olunur: “Panel sessiyamızın başlığına diqqət yetirsək, əsas məqam yeni dövr anlayışıdır. Doğrudan da, bir neçə il əvvəl az ehtimal edilən bir çox məqamlar bu gün artıq narahatedici reallıq olaraq gündəmdədir. Təəssüf ki, yeni dövr sakit şəkildə keçmir. Ekspertlərin fikrincə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il olub, dünyada silahlı qarşıdurmaların sayı artıb. Müxtəlif qiymətləndirmələrə görə, 50 ölkədə aktiv münaqişələr qeydə alınıb. Narahatlıq doğuran məqam isə, bu qarşıdurmaların əsasının dəyərlər toqquşmasının təşkil etməsidir. Bu isə qarşıdurmaların uzunmüddətli və çətin xarakter daşımasına səbəb olur”.

D.Kəribek bildirib ki, eyni zamanda, bəşəriyyət iqlim çağırışları ilə də üz-üzədir. “Müşahidələrə görə, 2024-cü il ən isti il olub. Bu isə təkcə xəbərdarlıq siqnalı deyil. Ötən il çoxsaylı təbii fəlakətlər – daşqınlar, qasırğalar, yanğınlar baş verib. Təsadüfi deyil ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransında çıxış edən BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizədə təxirəsalınmaz addımlar atmağa çağırış etdi. Münaqişələr və iqlim dəyişikliyi nəticəsində bu il BMT-nin proqnozlarına görə 305 milyon insana humanitar yardım lazım olacaq”.

Bu gün siyasi partiyaların əhəmiyyətinin və rolunun daha da artığına diqqət çəkən “AMANAT” partiyasının icra katibi partiyalararası dialoq vasitəsilə ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. “Parlament çoxluğunu təmsil edən partiya kimi “AMANAT” partiyalararası tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusən Rusiya, Çin, Türkiyə, Özbəkistan, Tacikistan, Vyetnam və Azərbaycan partiyaları ilə əməkdaşlıq gücləndirilir. Bunu intensiv partiyalararası təmaslar, qarşılıqlı səfərlər və əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi təsdiqləyir. Ötən il “AMANAT” və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında imzalanmış memorandum partiyalararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin parlaq nümunəsidir. Sənəd partiyalararası dialoqun dərinləşməsinə, dostluq və mehriban qonşuluq münasibətlərinin güclənməsinə xidmət edir”, -deyən D.Kəribek bu cür əlaqələrin möhkəmləndirilməsinin regionun inkişafı və təhlükəsizliyi məsələlərində ortaq yanaşmaların formalaşmasına, qarşılıqlı etimad və anlayış atmosferinin yaranmasına töhfə verdiyinə əmin olduğunu bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR