Xıdırlı kəndində qayıdan ailə başçısı Aqil Mustafayev bildirib ki, müxtəlif yerlərdə məskunlaşıb, çox çətinliklər çəkiblər. İndi isə doğma kəndlərində xoş günləri başlayır: “Xıdırlı kəndində doğulmuşam. Uşaq ikən çıxdığım kəndimizə indi ailəmlə, övladlarımla qayıtmışam. Çox sevinirik. Evimiz üçotaqlıdır, şərait yaxşıdır. Doğma torpaqlara qayıtmaq sevincini bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə şəfa diləyirəm”.
On yaşlı Gülnur da sevinclidir, çünki bundan sonra ata yurdunda yeni tikilmiş evlərində yaşayacaq, yeni məktəbdə təhsil alacaq, özünə dostlar tapacaq. “Atam Xıdırlı kəndi ilə bağlı bizə həmişə danışırdı. Ona görə də mən Xıdırlıya gəlmək, burada yaşamaq istəyirdim. Artıq bu istəyim həyata keçib. Burada uşaqlarla tanış olacağam, özümə yeni dostlar tapacağam, məktəbə gedəcəyəm. Buna görə çox sevinirəm”, - deyə Gülnur bildirib.
Qeyd edək ki, birinci mərhələdə Xıdırlı kəndində 719 fərdi ev inşa edilib, zəruri müasir sosial infrastruktur yaradılıb. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. (AZƏRTAC)