Bu fikirləri Ağdam rayon Ələsgər Quliyev adına l Sarıcalı kənd tam orta məktəbin riyaziyyat müəllimi Günay Rüstəmli deyib. Beynəlxalq Müəllimlər Günü münasibətilə Günay müəllimlə söhbətləşdik.
Günay Rüstəmlinin məktəb illəri məcburi köçkün olduqları dövrə təsadüf edib. Orta təhsilini Mingəçevir şəhərində yerləşən Ağdam 128 nömrəli tam orta məktəbdə alıb. Deyir ki, həmin illərdə dərsliklər tapmaqda çətinlik çəkir, bir kitabı bir neçə sinif yoldaşı ilə növbəli şəkildə oxuyurdular. Lakin qarşılaşdığı çətinliklərə baxmayaraq hər zaman əlaçı olub. Riyaziyyata da kiçik yaşlarından marağı yaranıb. Müsahibimiz deyir ki, həyatında iz qoyan insanlardan biri məhz riyaziyyat fənnini tədris edən Sabir müəllim olub. Günay Rüstəmli bu gün qazandığı bilik və bacarıqlara görə ona borclu olduğunu söyləyir.
Qəhrəmanımız onuncu sinifdə oxuyanda riyaziyyat müəllimi olmağa qərar verir. Həyat marafonu da əslində həmin illərdən başlayır. Məcburi köçkün olduqlarına görə, ailəsinin sosial vəziyyəti onun repetitor yanına getməsinə imkan vermir. Yalnız on birinci sinifdə fizika və riyaziyyat fənləri üzrə repetitor yanında hazırlaşır. 2006-cı ildə 534 balla Mingəçevir Dövlət Universitetinə riyaziyyat və informatika ixtisası üzrə qəbul olur. Ali təhsilini fərqlənmə ilə başa vuran Günay növbəti mərhələdə ADA Universitetinin təhsilin və təlimin təşkili metodikası ixtisasında magistratura təhsili alır.
Ölkə üzrə ilk dəfə müəllimlərin işə qəbulu imtahanında (MİQ) maksimum 35 baldan 33 balı toplayır. İş yerini seçməzdən əvvəl araşdırma aparır və Ağdamın cəbhə xəttində yerləşən ərazilərində müəllimə böyük ehtiyac olduğunu öyrənir. Elə bu səbəbdən şəhər-rayon mərkəzlərinə getməyi deyil, Ağdamın cəbhə xəttində yerləşən Səfərli qəsəbə 91 nömrəli tam orta məktəbini seçir. Deyir ki, həm də ağdamlı olduğu üçün doğma yurdunda xidmət etməyi özünə borc bilir. 2016-cı ildə isə növbəti dəfə MİQ imtahanında iştirak edərək maksimum 60 baldan 52 bal toplayır. Bu dəfə də seçimi başqa cəbhə məktəbi - Ağdam rayonu Ələsgər Quliyev adına l Sarıcalı kənd tam orta məktəbi olur.
2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında 57 bal toplayaraq ixtisası üzrə rayon birincisi olur. 2024-cü ildə müəllimlərin işə qəbulu imtahanında 82 bal, müəllimlərin sertifikatlaşdırılması imtahanında isə 53 bal toplayır.
Günay Rüstəmlinin hazırda çalışdığı Ağdam rayonu Ələsgər Quliyev adına l Sarıcalı kənd tam orta məktəbi 1993-cü ildən 2020-ci ilədək cəbhə xəttindən 1 kilometr məsafədə yerləşirdi. Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində məktəb dəfələrlə hücuma məruz qalıb, 2016-2020-ci illərdə silah və sursat partlaması nəticəsində məktəbin binası zədələnib: “2016-2020-ci illərdə müharibə ərəfəsində atışmalar vaxtı bilmirdim içimdəki qorxunu boğum, yoxsa uşaqların göz yaşını silib sakitləşdirim... Atəşkəs pozulurdu, dərs keçdiyim yerdə məktəb pəncərələri silkələnirdi, uşaqlar qorxub qışqırırdılar.
2020-ci ilədək yaşadığımız ərazi cəbhə xətti idi. Bu səbəbdən uşaqların əylənməsi üçün park, əyləncə mərkəzi, asudə vaxtlarını keçirmələri üçün yer yox idi. Çalışırdım ki, dərslərimdə uşaqlara maraqlı, əyləncəli görünən mühiti yarada bilim. Belə olduqda uşaqlar dərsə tələsir, özləri üçün faydalı bir şey əldə edirlər”.
Qəhrəmanımız deyir ki, şagirdlərlə diaqnostik qiymətləndirmə aparan zaman onların bilik səviyyələrini müəyyən etməyə çalışır. Şagirdləri ilə fərdi söhbət apararaq onların maraq dairəsini öyrənir və bundan sonra dərslərini onların marağına uyğun qurur. Günay Rüstəmli uşaqlarla empatiya quraraq səhvləri olduqda söhbətləşib izah etməyi üstün tutur: “Şagirdin sinif yoldaşına və ya hansısa müəllimə səhv hərəkəti olduqda fərdi söhbət aparıram, deyirəm, özünü qarşı tərəfin yerinə qoysun. Onu da deyim ki, dəcəl uşaqlar böyük ürəyə sahib olurlar, onlara doğru-yanlışı izah edəndə, səhvlərini başa düşürlər”.
Müsahibimizin seçdiyi sənətdə idealı onun ilk müəllimidir: “Məktəb illərim məcburi köçkünlük dövrünə təsadüf edirdi. Müəllimimiz bizi öz övladlarından ayırmırdı. Qışda cibindən çıxardığı dəsmalla burnumuzu silir, sinif otağındakı qızdırıcı sobada bizə kartof bişirirdi. Ayaqqabılarımız islananda sobanın kənarında qurulayırdı, corablarımız islananda yenisini alıb geyindirirdi. Ayaqqabılarımız palçıq olanda təmizləyirdi. Yaşlı müəllim olsa da, diqqəti daim üzərimizdə idi”.
Həmsöhbətimizin fikrincə, müəllim şagirdi cəzalandırmazdan əvvəl öz uşaqlığını xatırlamalı, daha sonra evdəki övladlarına baxıb qərar verməlidir.
Məktəbdə həm müəllim, həm də şagirdlər üçün istirahət vaxtı qısa tənəffüs dəqiqələridir. Günay Rüstəmli bu tənəffüs vaxtının da onun üçün qızıl olduğunu söyləyir. Deyir ki, həmin vaxt ərzində şagirdlərinə müxtəlif tövsiyələrini verir, bilmədikləri misal-məsələnin həllini izah edir: “Yaxud da özüm hansısa əsəri bir ay müddətində həmin tənəffüslərdə oxuyuram. Mütaliə etmək bir müəllim kimi mənə faydalı olur. İnsan kimi özümü kamilləşdirməkdə, şagirdlərimi başa düşməkdə, onların daxili aləminə təsir etməkdə, onları gələcək üçün bir şəxs kimi formalaşdırmaqda mənə kömək edir.
Dərslərimdə riyaziyyatdan əlavə, şagirdlərimə hər hansı tanınmış, dahi şəxsiyyət, şəhidlərimiz, milli qəhrəmanlarımız barədə araşdırma tapşırığı verirəm. Bu da uşaqların intellektual, məntiqi, tənqidi təfəkkürlərini formalaşdırır”.
Günay Rüstəmli 13 ildir ki, pedaqoji fəaliyyət göstərir. Bu keçən müddətdə özünü inkişaf etdirməkdən də qalmır. Hesab edir ki, ixtisasını təkmilləşdirməyən müəllim bir müddət sonra tükənir: “Müəllim olaraq çox uğurlar qazana bilərik. Fikrimcə, müəllimlərin sertifikasiya imtahanı öz üzərimizdə çalışmağı, özümüzü daha da təkmilləşdirməyi tövsiyə edir. Bu imtahan nəticəsində bir çox müəllimlər öz üzərində düşünməyə başlayıb.
Fəaliyyətim dövründə bir çox yerli və xarici təlimlərdə iştirak edərək sertifikatlar əldə etmişəm. Sonuncu dəfə İndiana Universitetinin təşkil etdiyi 6 aylıq təcrübə proqramına qoşulmuşdum. Bu fəaliyyətim müddətində uşaqlarını təhsildən yayındıran mühafizəkar valideynlərin etimadını qazanmağı bacarmışam.
Hər zaman öz üzərimdə çalışmağı sevirəm və bu xüsusiyyətim mənim təhsil sahəsində, eləcə də sosial, mədəni, ictimai məsələlərdə məlumatlı olmağıma kömək edir. Bu cəhətlər məni digər həmkarlarımdan fərqləndirir”. (AZƏRTAC)