Bu məntəqəyə həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinc hissi ilə səs verirlər.
58 sayılı seçki məntəqəsinin sədri Tural Əzizov bildirib ki, soydaşlarımız 30 ildən sonra işğaldan azad edilən Suqovuşanda keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində böyük ruh yüksəkliyi və qürur hissi ilə iştirak edirlər: “Məntəqəmizdə səsvermə artıq başlayıb. Seçici fəallığı müşahidə olunur. Məntəqəmizdə Talış kənd sakinləri ilə yanaşı, Suqovuşan qəsəbəsində həyata keçirilən tikinti işlərində çalışanlar da səs verəcəklər.
Suqovuşanda aparılan tikinti-quruculuq işlərində çalışan seçici Vidadi Həsənov böyük qürur və fəxarət hissi ilə səs verəcəyini deyib: “Bu seçkilər bizim üçün bir bayramdır. Ərazi bütövlüyü təmin olunan Azərbaycanda ilk dəfə seçkilər keçirilir. Hər birimizin borcudur ki, bu seçkilərdə iştirak edək, öz namizədimizə səs verək. Hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıram".
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. (AZƏRTAC)