Zəfər Günü münasibətilə təşkil edilən tədbirdə şəhər sakinləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şuşa 1 nömrəli orta məktəbin direktoru Səbinə Gözəlova Zəfər gününü qürurla yaşadıqlarını və bu günə görə şəhidlərə borclu olduğunu dilə gətirib:
"Sevindirici haldır ki, bu gün biz bu tədbirləri Şuşa sakinləri ilə birlikdə keçiririk. Nə xoş bizə ki, bizim məktəbin akt zalında keçirilən bu tədbirlərdə şuşalı məktəblilər öz bilik və bacarıqlarını böyük sevinc və qürur hissi ilə nümayiş etdirirlər. Əlbəttə ki, bu bir başlanğıcdır. Biz bu gün qürurluyuq. Bu qüruru və bu zəfəri bizə yaşadan şəhidlərimizə, müharibə iştirakçılarına və təbii ki, Ali Baş Komandana təşəkkür edirik.
Söz yox ki, bu gün bu Zəfərin qüruru ilə böyüməkdə olan nəsil daha da sağlam təfəkkürlü və vətənpərvər böyüyəcək. Biz də pedaqoji heyət olaraq bu yolda əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, bu məktəb binasında təhsil alan hər bir məktəbli yüksək intellektə və dərin savada malik olsun”.
Qeyd edək ki, tədbirin sonunda, məktəblilərin Şuşanın tarixindən bəhs edən ədəbi - bədii kompozisiya nümayiş etdirilib. (APA)