Səfərdən sonra şəhid ailələri rayon Şəhidlər Xiyabanında yenidən bir araya gəliblər. Əməkdaşımız ailələrlə görüşüb, onların təəssüratları ilə maraqlanıb.
Balakən Şəhidlər Xiyabanı müqəddəs məkanlardan biri kimi günün istənilən saatında ziyarətçilərlə dolu olur. Bu günlərdə isə şəhid ailələri həm də 44 günlük Vətən müharibəsində Qələbəmizin ildönümü ilə əlaqədar tez-tez bu məkanı ziyarət edirlər. İnsanların arasında iki balaca qız diqqətimi çəkir. Tanış olmaq üçün yaxınlaşıram. Öyrənirik ki, şəhid tankçı Vüsal Omarovun qızları Yağmur və Duyğu Ağdam, Əsgərən, Xocalı, Xankəndi və Şuşada olublar. Onlar ilk dəfə gördükləri məkanlardan xoş təəssüratlarla qayıdıblar. Elə antiterror tədbirlərinin iştirakçısı, şəhid Sərxan Köklərovun 3-cü sinifdə təhsil alan qızı Aysu da atasının azad etdiyi torpaqları gəzərək xoş anlar yaşayıb, maraqlı xatirələrlə dönüb.
Uzun illərin pedaqoqu Zümrüd Məmmədova Qarabağ və Şəqri Zəngəzurda həyata keçirilən işlərdən ürək dolusu danışır. Deyir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi, qəhrəman övladlarımız sayəsində torpaqlarımız işğaldan azad olunub. Onun sölərinə görə, dərs dediyi məktəbdə şagirdlərlə bu istiqamətdə daha çox söhbətlər aparır.
Aynur Bayramovanı təkcə Balakəndə deyil, ölkəmizdə də üç şəhid anası kimi tanıyırlar. “Mən şəhid anası olaraq dörd il idi arzusunda olduğum torpaqları öz gözlərimlə gördüm. Ağdama daxil olanda dəhşətli görüntü ilə qarşılaşdıq. Həqiqətən orada hər şey alt-üst edilib. Bu mənzərəni görəndə bir daha başa düşürsən ki, bizim oğullarımız necə bir düşmənə qarşı vuruşublar. Onlar o gözəl torpaqları, o gözəl yurdu bizim üçün azad ediblər”, - deyən Aynur Bayramovanın Qarabağ və Şəqri Zəngəzurla bağlı ürək sözlərini dilə gətirərkən qürurlandığını görürəm.
Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun atası Tacəddin kişi də bu səfəri səbrlə gözlədiklərini deyir. Tacəddin Novruzov yolçuluqlarının maraqlı keçməsindən, ərazilərdə böyük quruculuq işlərinin getməsindən sevinclə danışır.
Balakən Şəhidlər Xiyabanına toplaşan hər kəsi dinləyə bilməsək də, üzlərindəki təbəssümdən hiss olunurdu ki, onların nisgilinə az da olsa təsəlli, sevinc qatılıb. Əsas odur ki, şəhid ailələri övladlarının işğaldan azad etdiyi ərazilərin əsl cənətməkana çevrildiyinin, tikinti-quruculuq işlərinin sürətlə getdiyinin canlı şahidi olublar və bu, onlarda böyük təəssürat oyadıb. (AZƏRTAC)