22.11.2024, 15:44
AZ EN
19.07.2024, 19:10 187

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən 3 rayonda görülən işlər açıqlanıb

QARABAĞ
  • “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin yaranma günü və mətbuat günü ərəfəsində yerli jurnalistlər üçün mediatur təşkil olunub.

Məqsəd xidmətin fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazilərində mövcud olan tikinti layihələri ilə tanışlıqdan ibarət olub.

Ona yaxın medianı təmsil edən jurnalistlər üçün Ağalıda keçirilən birifinqdə hər üç rayonda görülən işlərlə bağlı suallar cavablandırılıb. Çıxış edən xidmətin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, 2 ildir ki, xidmət “Böyük Qayıdış” Dövlət Proqramına müvafiq olaraq, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa-quruculuq işləri ilə məşğuldur və keçmiş məcburi köçkünlərin dayanıqlı yaşayışını təmin edəcək yaşayış məskənlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini, eləcə də qeyri-yaşayış təyinatlı tikililərin inşasını təşkil edir. Xidmət, həmçinin mənzil-kommunal təsərrüfatlarının idarə edilməsi, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi, yaşıllığın mühafizə edilməsi, avtomobil yollarının idarə edilməsi, qorunması, onların vəziyyətinə nəzarət edilməsi ilə də məşğuldur.

Xidmətin rəhbəri görülmüş işlərdən danışarkən bildirib ki, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin, şəhər mərkəzlərində yaşayış komplekslərinin layihələndirilməsi və inşası işləri davam edir.

İcraçı direktor Zəngilanda görülən işlərdən danışarkən bildirib ki, bu rayonun ərazisində xidmətin 2 layihəsinin, Zəngilan Konqres Mərkəzinin və Ağalı Hotelinin açılışını Prezident İlham Əliyev həyata keçirib. Zəngilan şəhər yaşayış kompleksinin 104 mənzildən ibarət 2-3 mərtəbəli binalarının tikintisinin də bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Əlavə olaraq, 4-5 mərtəbəli yaşayış binalarının və inzibati binanın layihələndirilməsi yekunlaşdırılacaq və bu ilin sonlarında tikinti işlərinə start veriləcək.

Növrəs Cəfərov qeyd edib ki, Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 fərdi yaşayış evindən ibarət yaşayış məskəninin yenidənqurma işləri aparılır. Kənd ərazisində, paralel olaraq, məktəb, baxça, inzibati bina, tibb məntəqəsi, bazar kompleksinin inşası gedir. Burada, həmçinin Alıbəyli, Zəngilan kəndi, Mincivan qəsəbəsinin layihələndirmə işləri də aparılır.

Xidmətin icraçı direktoru Qubadlı rayonunda həyata keçirilən layihələrdən danışarkən bildirib ki, hazırda bu rayon üzrə həm aktiv tikintisi icra edilən, həm də layihələndirmə mərhələsində olan bir neçə tikililər var. O, deyib ki, Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yüksək sürətlə həyata keçirilir. Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start veriləcək.

Növrəs Cəfərov onu da bildirib ki, Cəbrayıl rayonu ərazisində də kifayət qədər işlər görülməkdədir. Vaxtilə öz kəhrizləri ilə məşhur olan Horovlu kəndinin ilkin mərhələsinin tikintisi bu ilin sonlarında yekunlaşacaq. Kəhrizlərin böyük əksəriyyəti isə artıq bərpa olunub. Cəbrayıl şəhərində inzibati binanın, Xudafərin qəsəbəsi, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Soltanlı kəndlərinin layihələndirməsi davam etdirilir.

Növrəs Cəfərov, həmçinin cəmiyyətin inkişafına töhfə verən sosialyönümlü layihələrdən də bəhs edib. Onun sözlərinə görə, xidmətlə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, universitet tələbələri 3 aylıq təcrübə proqramına cəlb ediliblər. Tələbələr öz ixtisaslarına uyğun bilik və bacarıqlarını artırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə əyani tanış olurlar. Təcrübə proqramını uğurla bitirən tələbələrə tövsiyə məktubları təqdim edilir. Daha sonra Zəngilan şəhərində həyata keçirilən tikinti-quruculuq işləri ilə tanışlıq olub.

Növrəs Cəfərov müsahibəsində bildirib ki, Zəngilan şəhərində tikinti və yenidənqurma işləri şəhərin Baş planına əsasən davam edir. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin “SA partners” şirkəti tərəfindən hazırlanıb. Şəhərin ümumi planlaşdırılan ərazisi təqribən 333 ha-dır. Hazırda ilk yaşayış məhəlləsi üzrə 8 ədəd 2 mərtəbəli “Townhouse” tipli yaşayış mənzillərinin və 4 ədəd 3 mərtəbəli binaların tikintisinə başlanılıb. Bu ilin sonuna qədər 104 ailənin məskunlaşması üçün mənzillərin hazır olması nəzərdə tutulur.

Bundan əlavə, növbəti yaşayış məhəlləsi üzrə 8 binadan ibarət 176 mənzilin, 12 binadan ibarət 138 mənzilin və 87 ədəd “Townhouse” tipli yaşayış mənzillərinin layihləndirmə işləri davam edir. 317 ailənin dayanıqlı məskunlaşması üçün layihələndirilən yaşayış kompleksinin tikintisi ilin sonuna planlaşdırılır.

Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci il, iyulun 21-də dövlət başçısının müvafiq Fərmanı ilə yaradılıb.(AZERTAC)

Oxşar xəbərlər