Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, tərtib edilmiş plana uyğun olaraq, 2024-cü ildə də meliorativ tədbirlər davam etdirilir. Bu xidmətlərin aparılması üçün idarənin balansında olan 986 subartezian quyusu, 4 nasos stansiyası, 4 su yığıcı göl, 11 kəhriz və bulaq, 365 kilometr uzunluqda suvarma kanalları, 236 ədəd hidrotexniki qurğu mövcuddur. Ağdam mexaniki suvarma idarəsi rayonun 36 min 10 hektar torpaq sahəsini və 82 min 334 nəfər sakinin içməli-məişət suyuna olan tələbatını ödəyir.
Ağdam rayonunda suvarma mexaniki üsulla aparılır, hər il yeni subartezian quyuları qazılır, mövcud quyular bərpa və təmir edilir.
Rayonda uzun illər istismar olunmuş subartezian quyularının yenidən bərpa olunaraq sakinlərin istifadəsinə verilməsi ilə əvvəlki illərdə yaşanan su problemi aradan qalxır. Rayonun Qaradağlı kəndində də sakinlər bərpa olunan quyudan artıq asanlıqla istifadə edə biləcəklər.
Kənd sakini Rizvan Zeynalov bildirib ki, uzun müddət istismar olunmayan subartezian quyusu təmir olunaraq yenidən istismara verildi. Subartezian quyusunun suyu ilə 40 hektar əkin sahəsi suvarılacaq. Eyni zamanda, 28 ailə içməli su kimi istifadə edəcək.
Hazırda Ağdam rayonunda əkilməsi nəzərdə tutulan 2225 hektar pambıq sahəsində arat davam edir. 2024-cü ilin məhsulu üçün 6000 hektara yaxın sahədə buğda və 4155 hektar arpa əkilərək suvarılıb. (AZƏRTAC)