Füzuli RİH-nin və QRTİ Füzuli rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Füzuli Dövlət Dram Teatrının binasında keçirilən tədbirdə RİH-nin rəhbərliyi, ziyalılar, təhsil işçiləri, təhsildə qazandıqları yüksək nəticələrlə fərqlənən bir qrup gənc, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
QRTİ Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədova çıxış edərək, Füzuli rayonunda 2022/2023-cü tədris ilinin statistik göstəriciləri, yeni dərs ilinə hazırlıq vəziyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri barədə məlumat verib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Azərbaycan təhsilinin uğurlarının mənbəyində dayandığını vurğulayan Ramella Məmmədova tələbə adı qazanan gəncləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Daha sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adı qazanan Rəsul Şəfiyev, Mirrəsul İsmayılov, Elnazə İbişova, Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı Aminə Ələkbərova, Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Dəniz Qarayeva çıxış edərək onlar üçün yaradılmış yüksək və səffaf təhsil imkanlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkədə uğurlu təhsil siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bütün digər sahələr kimi təhsil siyasətinin də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha vurğulayan Alı Alıyev işğaldan azad edilmiş Füzuli şəhərində yeni tikilib istifadəyə verilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin bu il ilk bilik gününü qeyd edəcəyini bütün Füzuli sakinləri, eləcə də təhsil ictimaiyəti üçün fəxr, qürur və sevinc mənbəyi olduğunu bildirib. Alı Alıyev tələbə adı qazanan bütün gəncləri təbrik etdi və onlara uğurlar arzuladı.
Hazırladı: Mina RƏŞİD