07.07.2025, 01:54
AZ EN
02.09.2023, 07:37 344

Qarabağdakı separatçı rejimin yeni “dövlət naziri” Sərkisyanın adamı imiş...

QARABAĞ

General-mayor Samvel Şahramanyanın Rusiya tərəfindən də dəstəkləndiyi deyilir

  • Ermənistanın eks-prezidenti Serjik Sərkisyan Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti zonasına aid hissəsindəki siyasi vəziyyətlə bağlı erməni mətbuatına açıqlama verib.

“Vətən səsi” xəbər verir ki, Sərkisyan Tert.am saytına açıqlamasında Qarabağdakı erməni əsilli sakinlərin hazırkı durumundan, separatçıların lideri Araik Arutyunyanın istefasından  qondarma qurumun “təhlükəsizlik şurası”nın katibi Samvel Şahramanyanın “dövlət naziri” vəzifəsinə təyin edilməsindən danışıb. O bildirib ki, Araik Arutyunyanın istefasından öncə general-mayor Samvel Şahramanyanı “dövlət naziri” təyin etməsi Qarabağ ermənilərin maraqlarına uyğundur və 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyətin nizamlanmasına kömək edə bilər. Serjik Sərkisyan yeni “dövlət naziri”ni özünün yaxın adamı kimi qələmə verib, onun Moskva tərəfindən dəstəkləndiyini də iddi edib.

Ermənistanın sabiq rəhbəri Samvel Şahramanyanın hətta tezliklə qondarma “respublikanın” “prezident”i seçilə biləcəyini də istisna etməyib.

“Serj Sarkisyan ümid edir ki, Samvel Şahramanyanın “artsax” respublikasının “dövlət naziri” vəzifəsinə təyin olunması yaxın gələcəkdə həyati əhəmiyyətli məsələlərdə hakimiyyətin siyasəti daha aydın və diqqət mərkəzində olacaq”, - Sərkisyanın ofisindən bildirilib.

Xatırladaq ki, 45 yaşlı Samvel Şahramanyan 1978-ci il dekabrın 1-də Azərbaycan SSR-in Xankəndi şəhərində anadan olub. O, indiki “vəzifə”sindən öncə qondarma rejim “milli təhlükəsizlik xidməti”nin (MTX) “direktoru” və tanınmamış “DQR”in “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub. General-mayor rütbəsi daşıyan S. Şahramanyan 1997-ci ildə İrəvan Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olub. Daha sonra 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsinə keçib və 1999-cu ildə oranı bitirib.

1996-1999-cu ildə separatçı qurumun “müdafiə ordusu”nda “hərbi xidmət” keçib. Qondarma qurumda müxtəlif “vəzifələr”də çalışan S. Şahramanyan 2013-cü ildə separatçı “DQR Polisi”nin Xankəndi şəhər şöbəsinin “rəisi”, sonra isə cinayət axtarış idarəsinin “rəisi” təyin edilib. 2014-2018-ci illərdə qondarma qurumun MTX-də işləyib. 2018-2020-ci illərdə o, MTX-nin “direktoru” olub. O, 2018-ci il iyulun 16-da “əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiya”nın “sədri” təyin edilib.

2020-ci il 29 may tarixində separatçı xuntanın “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” təyin edilən S. Şahramanyan 2023-cü il yanvarın 16-dan qondarma qurumun “təhlükəsizlik şurası”nın “katibi” “vəzifə”sində çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər