Rusiya hərbçiləri yolu bağlayan Artur Osipyannın maşınını sürüyərək ərazidən uzaqlaşdırıblar
“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb. Həmin hadisəni özündə əks etdirən videokadrlardan görünür ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında təxribatçı hərəkətləri ilə tanınan Artur Osipyan şəxsi avtomobili ilə rus hərbçilərinin qərargahın girişini kəsib. Sülhməramlıların təkidli tələblərinə baxmayaraq, maşınını yoldan çəkməyən Osipyan səs-küy salaraq Azərbaycanın və rus hərbçilərinin əleyhinə ifadələr işlədib. Bundan sonra sülhməramlı əsgərlər rusiyalı polkovnikin göstərişi ilə maşını sürüyərək yolu açıblar.
Kadrlarda separatçı nümayəndənin çığır-bağırtısına məhəl qoymayan rus rusiyalı hərbçilərin maşını kənara sürüyərək yolu açdıqları əks olunub. Görüntülərdə Osipyan və videonu çəkən şəxsdən başqa cəmi üç-dörd nəfərin etiraz aksiyasına gəldiyi görünür. Onlar Rusiya sülhməramlılarının qərargahı önündə qışqıraraq ərazi iddialarını dilə gətirib, digər cəfəng fikirlər səsləndiriblər.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan bir qrup erməni guya, Laçın yolunda yaradılmış “blokada”nı aradan qaldırmaq bəhanəsi ilə məqsədilə Həkəri körpüsünə avto-yürüş keçirməyi planlaşdırmışdı. Etiraz aksiyasının əsas təşkilatçılarından olan qondarma “Artsax inqilab partiyası”nın sədri Artur Osipyan yürüşdə onları müşayiət etmək üçün Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Lentsova məktubla müraciət etmişdi. Sülhməramlıların komandanlığı isə Ermənistanla sərhəddə - Həkəri çayı üzərindəki körpüyə bitişik ərazidə qurulan “Laçın” sərhəd buraxılış məntəqəsinə yürüş etməyə hazırlaşan ermənilərin məktubuna mənfi cavab vermişdi. Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun imzası ilə separatçılara verilən rədd cavabında bildirilirdi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda rus hərbçilərinin erməniləri mitinq və yürüşlərdə müşayiət etməsi və onların təhlükəsizliyini təmin olunması haqqında hər hansı müddəa yoxdur.
Bundan qəzəblənən separatçıların nümayəndəsi Artur Osipyan isə başının “dəstəsi” ilə birlikdə Rusiya sülhməramlılarının Qarabağdakı hərbi bazasının girişini bağlamaqla etiraz aksiyası keçirməyə cəhd edib. Lakin Rusiya sülhməramlıları nümayişkaranə şəkildə onun avtomobilini sürüyərək ərazidən uzaqlaşdırıblar.
Elxan SALAHOV