Səfər zamanı tələbələrə Ağdam şəhərinin işğala qədərki vəziyyəti, memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi-memarlıq abidələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələr işğaldan azad olunmuş ərazilərdə hazırda icrasına başlanılmış yenidənqurma və tikinti-quruculuq işləri, Ağdam şəhərinin yeni baş planı ilə tanış olub, ermənilərin dağıtdığı abidələrin foto və videosunu çəkiblər. Layihənin növbəti mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri komissiya tərəfindən qiymətləndiriləcək, 1, 2 və 3-cü yerin sahibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqlar.
Qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir. (AZƏRTAC)