Nazirlikdən verilən məlumata görə, bunun nəticəsi olaraq kəndin artıq 29 sakininin məşğulluğu təmin edilib. Onlar müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar.
Agentlik tərəfindən kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Artıq 9 sakin özünüməşğulluq proqramına cəlb edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həmin şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə kiçik təsərrüfatlarını yaratmaları üçün avadanlıqlar veriləcək.
Talış kəndində fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır.
Proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq.