Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Prezident İlham Əliyevi salamlayan iclasın moderatoru Monika Maggioni dedi:
- Tədbirin əvvəli çətin oldu, çünki biz Avropanın mərkəzində baş verən müharibə haqqında danışmalı olduq. Lakin bu gün biz birlikdə daha geniş yanaşma tətbiq etməyə, dünyada hansı hadisələrin cərəyan etdiyini anlamağa, bu müharibədən və çaxnaşmadan çıxış yolu axtarmağa çalışacağıq. Bu gün ən aktual mövzulardan biri, əlbəttə ki, enerji təhlükəsizliyidir və mən məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayır və onu enerji təhlükəsizliyi mövzusunda çıxış etmək üçün tribunaya dəvət edirəm. Sabahınız xeyir, buyurun, söz Sizindir.
Prezident İlham Əliyev: Xanımlar və cənablar, sabahınız xeyir.
Əvvəlcə mən “The European House – Ambrosetti” beyin mərkəzinə bu vacib tədbirdə çıxış üçün məni dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm. Bu gözəl məkanda sizinlə bir yerdə olmağımdan çox məmnunam. Mənim İtaliyaya səfərim dünən başlayıb. Mən sizin ölkəyə tez-tez səfər edirəm. Sonuncu dəfə burada 2020-ci ildə dövlət səfərində olmuşam ki, o zaman biz İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladıq. Budəfəki səfərim də çox uğurlu oldu. Mənim cənab Prezident və cənab Baş nazir ilə görüşlərim oldu və biz ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə etdik. Həmçinin əlavə etmək istərdim ki, dörd il öncə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə olub. Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, bizim gündəliyimiz çox genişdir.
Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.
Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir.
Eyni zamanda, biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük. Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri.
Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq. Əlbəttə, neft və qaz ilə bağlı diqqətinizə çatdırdığım rəqəmləri nəzərə alsaq, biz özümüzü olduqca rahat hiss edə bilərik. Çünki bizim elektrik enerjisi istehsal edən stansiyalarımız təbii qaz, yanacaq və su ehtiyatlarından istifadə edir.
Ancaq bərpaolunan enerjiyə, xüsusən də bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.
2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək.
Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır. Diqqətiniz üçün bir daha təşəkkür edirəm. Məni bu mühüm tədbirdə iştirak üçün dəvət etdiyinizə görə sizə minnətdaram.
- Suallarınız varsa, onlarla davam edək. Çıxışınız üçün minnətdaram. Çünki çıxışınız mövzunu tam əhatə etdi. Biz bütün Avropada enerji məsələlərini müzakirə edirik. İcazə verin, Sizə bir sual verim. Bir regional məsələ də var. Siz çıxış edərkən bu sualı vermək istədim. Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir. Bilirsiniz ki, bu, çox çətindir.
- Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır.
- Sizin dedikləriniz çox önəmlidir. Siz regionda və regiondan kənarda yeni əlaqələrdən bəhs etdiniz. İtaliya ilə mədəni, təhsil və özəlliklə də enerji sahələrində əlaqələr inkişaf edir. Növbəti paneldə biz yeni qlobal düzəni müzakirə edəcəyik. Sizin ölkəniz və mövqeyiniz necə şəkillənəcək?
- Bu, bir çox məsələlərdən asılıdır. Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.
- Bu, qarşımızdakı onilliklərdə ən vacib məsələlərdən biri olacaq. Prezident Əliyev, Sizinlə söhbət etmək çox xoş idi və müdrik fikirlərinizə görə təşəkkür edirəm.
- Sağ olun.
x x x
Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.
“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.