Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirilməsinin zəruriliyini bildirdi.
Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğuladı və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı, eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini dedi. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.
Diplomat bildirdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğuladı.
Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunuldu.