22.06.2025, 22:39
AZ EN
10.01.2023, 12:40 534

Qarabağ atları necə qorunub saxlandı...

QARABAĞ
  • Ağdamın tanınmış təsərrüfat adamlarından və ziyalılarından olan Maarif Hüseynov “Ağdam TV” internet kanalının qonağı olarkən işğal dövründə Qarabağ atlarının necə qorunub saxlandığı barədə ətraflı söhbət açıb.

Maarif Hüseynov 1947-ci ilin mart ayının 22-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Atası ixtisasca ali təhsilli zotexnik kimi rayonda  səmərəli fəaliyyət göstərib. Maarif Hüseynov atasının bu peşəsini sevib və ona dərin maraq göstərib. Orta məktəbi bitirəndən sonra Gəncədə ali təhsil alıb, zootexnik ixtisasına yiyələnib.  

Təyinatla 1967-ci ildə Ağdam rayonuna, Atçılıq zavoduna göndərilib. Burada zootexnik kimi əmək fəaliyyətinə başlayıb. Bir neçə ildən sonra baş zotexnik vəzifəsinə keçirilib.  Atçılıq zavodu rayonun iri təsərrüfat subyektlərindən idi: 4 min cins malı, 30 min qoyunu, 50 min toyuq-cücəsi, 500 başa qədər atı, 600 hektar üzüm bağı vardı. Belə təsərrüfatda baş zotexnik işləmək böyük məsuliyyət tələb edirdi.

Təcrübsini və təşkilatçılıq bacarığını nəzərə alıb Maarif müəllimi 1984-cü ilin fevral ayında Atçılıq zavoduna direktor təyin ediblər.

Bu aqrar müəssisənin yaradılması haqqında qərarı keçmiş SSRİ hökuməti 1948-ci ildə verib və 1949-cu ildə onun təçkil edilməsinə başlanılıb. Azərbaycan hökumətinin qərarı ilə müəssisə Ağdam rayonunun Eyvazxanbəyli kəndində yerləşdirilib. Təsərrüfata Qarabağ zonasından - Şuşadan, Xankəndindən, Ağcabədidən, Ağdamdan, Füzulidən, Cəbrayıldan və digər rayonlardan 30 baş yaxşı ana madyan və 1 törədici ayğır seçilib gətirilib. Bunlar vaxtilə Qarabağ xanlarının fermalarında yetişdirilmiş atların törəmələri idi.  

Maarif müəllim direktor vəzifəsində fəaliyyətə başladıqdan sonra Qarabağ atlarının çoxaldılması və cinsinin yaxşılaşdırılması üçün böyük selleksiya-damazlıq işləri aparıb. Sağlam və yaxşı atlar saxlanılıb, yarasızlar, yəni müəyyən qüsurları olanlar sürüdən çıxardılıb. Qarabağın cins atlarının sorağı bütün dünyaya yayılıb. Maarif müəllimin bildirdiyinə görə, hər il Moskvaya hərraca çıxarılmaq üçün 20-30 baş at göndərilirmiş. Qiymətləri 10-15 min dollar arasında olurmuş və respublikaya da, təsərrüfata da böyük gəlir gətirirmiş. Bunun müqabilində Atçılıq zavodunun işçiləri həm yüksək əməkhaqqı, həm mükafat alırmışlar.

Qarabağda erməni separatizmi baş qaldırandan, erməni quldur dəstələri peyda olandan sonra Qarabağ atları da təhlükəyə məruz qalıb. Maarif müəllimin sözlərinə görə, quldurlar zavoddakı atları sürü halında oğurlamağa bir neçə dəfə cəhd göstərsələr də, işçilərin sayıqlığı və görülən təhlükəsizlik tədbirləri nəticəsində əliboş geri qayıdıblar.

Direktorun təşəbbüsü ilə Qarabağ atlarını qorumaq üçün 1993-cü ilin əvvələrində onları Ağdam rayonunun Üçoğlan kəndinə gətirib, buradakı toyuq fermasının ərazisində yerləşdiriblər.  

Ağdam rayonunun ərazisinini böyük bir hissəsi, o cümlədən Eyvazxanbəyli kəndi 1993-cü ilin iylunda  Ermənistanın işğalına məruz qaldıqdan sonra Maarif müəllim Qarabağ atlarının saxlanması uğrunda, sözün həqiqi mənasında, mübarizə aparmalı olub. Öz vəsaiti hesabına uzun yük maşınları kirayələyərək atları onlara yıaraq Bakı Dövlət Cıdır Meydanına gətirib. Dediyinə görə, vaxtilə buradakı binaların tikintisinə Atçılıq zavodu da vəsait ayırıbmış...

Cıdır Meydanında Ağdamdan gətirilmiş atların saxlanması mükün olmadığına görə Maarif müəllim həmin dövrdə Azərbaycan Atçılıq Federasiyasına rəhbərlik edən İsa Nəcəfovla birlikdə respublikada siyasi hakimiyyətə yeni qayıtmış Ulu Öndər Heydər Əliyevin qəbuluna gedib. O, həmin görüşü belə xatırlayır: “Ulu Öndər vəziyyət barədə məlumatı dinlədikdən sonra, bizimlə Qarabağ atlarının genetik xüsusiyyətlərini bilən bir mütəxəssis kimi danışdı. Dedi ki, Qarabağ atlarının genofondunu qaydaya salmaq üçün bir əsr vaxt lazımdır. Bütün çətinliklərə baxmayaraq, bu cinsi mütləq qorumaq, inkiaf etdirmək lazımdır. Ulu Öndər İsa Nəcəfova tapşırdı ki, bütün səlahiyyətilərindən istifadə edib, Qarabağ atlarının saxlanması üçün şərait yarat”.

Bu görüşdən sonra atların saxlanması üçün müxtəlif rayonlarda yer axtarılıb. İlk təklif edilən ərazi Şəmkir olub. Maarif müəllim yerində vəziyyətlə tanışlıqdan sonra oranı əlverişli hesab etməyib. 1994-95-ci illərdə atlar Yevlax rayonunun Aran qəsəbəsində açıq havada qalıblar. 1995-ci ilin qışında isə Goranboy rayonuna gətiriliblər. Burada müəyyən şərait yaradılsa da, vəziyyət bir mütəxəssis kimi Maarif müəlimi qane etməyib. Qışı birtəhər başa çatdırıb, bu dəfə atları Ağcabədi rayonunda, indi Qarabağ Atçılıq Kompleksinin yaradıldığı “Xamtorpaq” adlanan ərazidə yerləşdiriblər. Bütün bu dövr ərzində Maarif müəllim də, onun işçiləri də çətinliklərə sinə gərib, cins atları sağ-salamat saxlaya biliblər.

“Atçılıq haqqında” Qanun  2007-ci ildə qəbul olunub. Qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2018-ci il noyabrın 5-də Qarabağ Atçılıq Kompleksinin açılışı olub, 2022-ci il oktyabrın 4-də isə Ağdam rayonunun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndində Atçılıma Mərkəzinin təməli qoyulub. Hazırda Qarabağ Atçılıq Kompleksində Qarabağ cinsindən olan 200 at saxlanılır.

Maarif müəllim deyir: “Dövlətmizin başçısının diqqət və qayğısı sayəsində Qarabağın cins atlarının sayının çoxaldılması, atçılıq ənənələrinin inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb. Qarabağ atlarının şöhrətinin əvvəlki tək bütün dünyaya yayılacağına əminik”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər