22.11.2024, 10:28
AZ EN
16.01.2023, 15:52 271

İşğaldan azad edilmiş ərazilərdə böyük miqyasda işlər həyata keçirilir

QARABAĞ
  • 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində qazandığımız böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə bərpa-quruculuq işləri start götürdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi və sərəncamları ilə həmin ərazilərimizdə demək olar ki, paralel qaydada yeni quruculuq işləri həyata keçirilir. Azərbaycan Televiziyasının icmalına görə, hazırda Şuşa, Füzuli, Ağdam və Zəngilanda çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Eyni zamanda, burada ərzaq təhlükəsizliyinin təmini üçün 60 min hektar ərazidə səpin aparılıb.

İndiyədək işğaldan azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası inşa edilib və onların generasiya gücü 55 meqavata yaxındır. Bu ilin sonuna qədər Laçının  Zabux və Sus kəndlərindən olan 200-dən çox ailənin öz yurduna qayıdacağı planlaşdırılıb. Bu il həmçinin azad edilmiş ərazilərdə yenidənqurma işləri bütün regionu əhatə edəcək.  Burada hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə regionda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Cəbrayılda isə Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaq. 100-ə yaxın yaşayış məskəni yenidən qurulacaq. O da qeyd edilib ki, bütün bu görüləcək işlər üçün dövlətimiz 300 milyard manat vəsait ayırıb.

Bu yaxınlarda ölkə başçısı İlham Əliyev yerli televiziya nümayəndələri ilə görüşündə də, qeyd edib ki, Zəngəzurda tətbiq ediləcək mexanizm sistemi sonra bütün Qarabağda da tətbiq ediləcək. “İndi biz yeni idarəetmə mexanizmi üzərində işləyirik. Burada kadr potensialı çox önəmlidir. Eyni zamanda strukturlar daha çevik, daha operativ, yəni  bürokratiyadan uzaq olan sistemlər yaranır ki, sonra biz bu təcrübəni digər ərazilərə də ötürəcəyik”.

İcmalda bildirilir ki, 10 min kvadratkilometr ərazidən artıq torpaqlarımızın bərpası və əhalinin reinteqrasiyası üçün effektiv idarəetmə modelinin tətbiqi qaçılmazdır. Digər tərəfdən, dünya nizamının dəyişməsi yeni idarəçilik fəlsəfəsi və müasir kadrların yetişməsini tələb edir. Hazırda azad edilmiş ərazilərdə böyük layihələr həyata keçirilməkdədir. 2 min kilometrdən çox avtomobil yolunun çəkilişi, 100-dən çox körpünün tikintisi, 50-dən çox tunelin salınması, suvarma layihələrinin icrası, sənaye parklarının yaranması, məcburi köçkünlərin qayıtması üçün önəmli addımların atılmasını vurğulamaq olar.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda əhalinin təlükəsizliyi üçün bütün addımlar atılır. Bölgədə yeni sənaye sahələri, istehsal müəssisələri yaradılır. Kənd təsərrüfatının inkişafı bura xarici investisiyanın cəlb edilməsinə də stimul yaradır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR