Hotelin direktoru Anar İbrahimov bildirib ki, ümumi ərazisi 2 hektardan çox olan hotel 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid, ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə inşa olunan hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq. (AZƏRTAC)