Bol suya malik Həkərinin respublikanın ümumi su ehtiyatlarına əlavə olunması Qubadlı ilə yanaşı Cəbrayıl, Ağdam, Füzuli rayonlarındakı əkin sahələrinin suvarılmasında, habelə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında böyük rol oynayacaq. Prezident İlham Əliyev 2021-ci il fevralın 14-də Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” su elektrik stansiyasını işə salıb. İşğaldan azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin edəcək. Stansiya Xanlıq kəndini, habelə Laçın rayonunun cənub hissəsini də elektrik enerjisi ilə təmin edəcək. Hazırda tikintisi davam edən su anbarının ümumi tutumu 100 milyon kubmetr olacaq. Həmin anbar vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əraziləri də daxil olmaqla, Bakı şəhəri ilə birlikdə ümumilikdə 1,8 milyon nəfərin içməli su ilə təmin edilməsi nəzərdə tutulub. Anbardan çıxışı olan magistral boru kəməri üzərində ümumi gücü 19,15 meqavata çatacaq 3 ədəd kiçik su elektrik stansiyasının tikilməsi də planlaşdırılıb. Xatırladaq ki, ki, mənbəyini Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Çayın qidalandığı bulaqların hamısı ölkəmizdə formalaşır.
Röya SALMANQIZI