İslamosfera.ru saytında “Azərbaycan “Qafqazın Xirosiması” - Ağdamı bərpa edir” başlığı ilə məqalə dərc olunub. Nəşrdə qeyd edilir ki, Azərbaycan 27 il Ermənistanın işğalı altında olan və bu müddət ərzində tamamilə dağıdılmış Ağdam şəhərini bərpa edir. Burada, demək olar ki, bir dənə də olsun binanın sağ qalmadığından Ağdam “Qafqazın Xirosiması” və “kabus şəhəri” adlandırılıb.
İşğaldan azad edildikdən sonra şəhərin dirçəldilməsi üzrə bərpa işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda yeni yolun, eləcə də ilk yaşayış binasının təməlini qoyub. Bu günə kimi şəhər infrastrukturunun - yolların və elektrik xətlərinin bərpası başa çatdırılır. Azərbaycan Hökuməti 2026-cı ilin sonuna kimi 10 min Ağdam sakinini şəhərə qaytarmağı, sonrakı illərdə isə bu rəqəmi 100 minə çatdırmağı qarşısına məqsəd qoyub. Bunun üçün şəhərin müxtəlif yerlərində yeni məhəllələrin tikintisinə başlanılıb.
İşğaldan əvvəl regionun sənaye mərkəzi olan şəhər yenidən həmin istiqamətdə inkişaf etməyə çalışır. Bu məqsədlə burada Ağdam Sənaye Parkı tikilir. Qarabağ xanlığının banisi və ilk hökmdarı, Cavanşirlər sülaləsinin banisi Pənahəli xanın məqbərəsinin yerləşdiyi İmarət kompleksinin və tarixi məscidin bərpası istiqamətində işlər davam etdirilir. “Qarabağ” futbol komandasının oyunlarının keçiriləcəyi stadionun tikilməsi də nəzərdə tutulub. Sakinlərin qayıtması və şəhərin dirçəlməsindən sonra burada hətta beynəlxalq futbol yarışlarının keçirilməsi də nəzərdə tutulur.
Ağdamda yaradılması nəzərdə tutulan Qarabağ Universiteti ilə şəhər təhsil mərkəzinə çevrilməlidir. Bununla yanaşı, şəhərdə Qələbə Muzeyi və İşğal Muzeyi tikilir.
Təxminən 2 min hektar ərazini tutacaq yeni Ağdamın tikintisində azərbaycanlı inşaatçılarla yanaşı, ABŞ, Kanada, Hollandiya, Türkiyə və digər ölkələrin şirkətləri də iştirak edir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasına baxmayaraq, şəhər atom bombası ilə deyil, 30 illik işğal dövründə ermənilər tərəfindən sistematik tədbirlər nəticəsində dağıdılıb. Ağdamda daş üstündə daş qalmayıb, şəhərdə yeganə nisbətən sağ qalan tikili məscid idi, o da yalnız hərbi məqsədlər üçün istifadə edildiyi üçün salamat qalıb. Minalar yenidənqurma və bərpa işlərinə əsas maneə olduğundan rayon minalardan azad edildikdən dərhal sonra bərpa işlərinə başlanılıb. O, gələcəyə nikbin baxır. “Biz, Azərbaycan dövləti və xalqı, yaxın gələcəkdə bu torpaqları bərpa edib dirçəldəcəyik. Qarabağımızı cənnətə çevirəcəyik”, – deyə Emin Hüseynov vurğulayıb. (AZƏRTAC)