“Vətən səsi” xəbər verir ki, bu barədə tanınmış vəkil özünün “Facebook” səhifəində məlumat yayıb. Əziz Qənbərli qeyd edib ki, fermerlərin qeydiyyat və köç prosesindəki çətinliklərlə bağlı çoxsaylı müracətləri nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin problemlərin aradan qaldırılmasına hüquqi yardım göstərəcək: “2025-ci il üçün yaylaq mövsümünə yaxın günlərdə start veriləcək. Bununla bağlı fermerləri ən çox narahat edən məqam işğaldan azad edilmiş ərazilərə köç edən fermerlərə qarşı ayrı-seçkilik, bərabərsizlik və portal vasitəsilə xüsusi icazələrin alınmasında sui-istifadə hallarına yol verilir”.
Vəkil onu da bildirib ki, fermerlər 2021 və 2022-ci illərdə heç bir əlavə ödəniş etmədən Kəlbəcər və Laçın yaylaqlarına köç ediblər. 2023-cü ildə isə cüzi məbləğdə yaylaq icarəsi və hər xırdabuynuzlu heyvan üçün 1 manat ödəniş tələb olunub: “Amma ötən il ödənişi xeyli artırdılar, bir baş xırdabuynuzlu heyvan üçün 2 manat, iribuynuzlulara görə 4,50 manat “birka pulu” və yaylaqlarda icarə haqqı. Kənd Təsərrüfatı Nazirliyi ötən il xahişimizi nəzərə alaraq 3 ayadək quzuları ödənişdən azad etdirdi. Bu il isə reqlament hələ təstiq edilməyib, lakin Dövlət Aqrar İnkişaf Mərkəzləri xırdabuynuzlu heyvanlar üçün 2024-cü ildə olan xərclərdən əlavə, xırdabuynuzlu heyvanların hər biri üçün Qida Təhlükəsizliyi Agentliyinin tələbi üzrə portal üzərindən xüsusi icazə maneəsini əllərində əsas tutaraq 3,50 manat vəsait ödənişini tələb edirlər. Fermerlər işğaldan azad olunmuş ərazilərdə respublikasnın digər bölgələrindən fərqli tələb və ödənişlərin tətbiq olunmasından narahahatdır. Ona görə nazirliyin rəhbər şəxsləri ilə əməkdaşlıq edərək keçmiş məcburi köçkün fermerlərin üzləşdiyi süni əngəlləri aradan qaldırmağa çalışırıq”.
Elxan SALAHOV