21.11.2024, 17:34
AZ EN
23.07.2024, 08:29 316

Ağdamın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir

QARABAĞ
  • Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin mətbuat katibi Leyla Sarabi bildirib ki, hazırda Ağdam rayonunun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində fərdi evlərin tikintisi davam etməkdədir. Belə ki, Xıdırlıda 719, Kəngərlidə 292, Sarıcalıda isə 203 fərdi evin tikintisi həyata keçirilir. Bundan əlavə kəndlərin hər üçündə iaşə obyektlərinin tikintisi də planlaşdırılır. Kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq, günəş panelləri quraşdırılacaq. Eləcə də mərkəzi kommunikasiya sistemi, yol infrastrukturu da qurulacaq.

L.Sarabi qeyd edib ki, cari ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şotlanlı, Tağıbəyli, Nəmirli və Güllücə kəndlərində də layihələndirmə işlərinə artıq başlanılıb. Tağıbəyli kəndi özündə Tağıbəyli və Suma kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsində burada 78,05 hektar ərazi layihələndiriləcək və 108 fərdi ev tikiləcək. Güllücə kəndi Güllücə və İlxıçılar kəndlərini əhatə edəcək. Burada ilkin mərhələdə 225 hektar ərazi layihələndiriləcək və 113 fərdi ev tikiləcək. Nəmirli kəndi özündə Nəmirli və Şurabad kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsində burada 50,22 hektar ərazi layihələndiriləcək və 179 fərdi ev tikiləcək. Şotlanlı kəndi isə Şotlanlı və Umudlu kəndlərinin ərazisini əhatə edəcək. İlkin mərhələdə 51 hektardan çox ərazi layihələndiriləcək və 205 fərdi evin tikintisi nəzərdə tutulur.

L.Sarabi işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin tətbiqinin, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin prioritet məsələlər olduğunu deyib: “Bu gün Azərbaycan dövlətinin vəsaiti hesabına tikiləcək Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiyanın mütəxəssisləri tərəfindən “ağıllı kənd” layihəsi icra olunacaq. Ümumi ərazisi 476 hektar olan kənddə ilkin mərhələdə 851 fərdi evin tikilməsi planlaşdırılır. Hazırda kənddə şaquli planlama işləri icra olunur”.

Qeyd edək ki, Ağdam rayonunun kəndləri ilə yanaşı Ağdam şəhərində də tikinti-quruculuq işləri davam etdirilir. (AZƏRTAC)

Oxşar xəbərlər