20.04.2025, 07:58
AZ EN
18.07.2022, 16:00 439

Deputat: Azərbaycanın Qarabağda bərpa işlərini öz hesabına həyata keçirməsi onun iqtisadi gücünü göstərir

QARABAĞ
  • İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. Bu dövrdə dünyanın bir çox ölkələrinin rəhbərləri ilə mühüm görüşlər keçirilib və zəruri sazişlər imzalanıb.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, xüsusilə dünyanın supergüc dövlətlərindən olan ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə iki dəfə məktub göndərməsi, məktublarda Azərbaycanın daxili və xarici siyasətin yüksək qiymətləndirilməsi bir daha dövlətimizin düzgün siyasət yürütməsindən xəbər verir. Həmçinin əlamətdar hadisələrdən biri Avropa İttifaqı ilə bu günədək görünməmiş dərəcədə yaxınlaşma və siyasi motivlərin üst-üstə düşməsidir.

M.Cəfərov, eyni zamanda, vurğulayıb ki, son bir ildə Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün sosial islahatlar həyata keçirilib. Dünyada baş verən böhrandan daha az təsirlərlə çıxmaq üçün mühüm sosial paketlər tətbiq olunub.

“Dövlətimizin başçısının müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir. Bu isə onun qurub-yaratmaq əzmini və iqtisadi gücünü göstərir. Bərpa işlərinin miqyası isə olduqca böyükdür. Onu da nəzərə almalıyıq ki, işğal illərində Qarabağ demək olar tamamilə viranəyə çevrilib”, - deyə deputat əlavə edib.

Xarici investorların ölkəmizə cəlb edilməsi məsələsinin hazırda çox zəruri olduğunu diqqətə çatdıran M.Cəfərov vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlı sahibkarların da Qarabağdakı quruculuq işlərinə cəlb olunması mühüm məsələdir. Son illər vergi sahəsində aparılan şəffaflaşdırma siyasətinin də öz bəhrəsini verdiyini vurğulayan deputat əminliklə bildirib ki, sahibkarlar yaradılmış şəraitdən faydalanaraq öz bizneslərini inkişaf etdirəcəklər. (AZƏRTAC)

Oxşar xəbərlər