10.03.2025, 13:51
AZ EN
10.03.2025, 09:29 160

Xankəndidə Zəfər parkı: 21 növ üzrə 300-dən çox ağac əkiləcək

QARABAĞ
  • Xankəndi şəhərində yaradılan Zəfər muzeyi bu ilin iyul ayına qədər hazır olacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib. O qeyd edib ki, Xankəndidə bərpa-quruculuq işləri aparılır: "Zəfər muzeyi bu ilin iyul ayına hazır olacaq. Bunun arxasında banerlə əhatəyə alınmış 12,6 hektarlıq böyük ərazi Zəfər parkı olacaq. Burada Azərbaycanın ən böyük Zəfər Tağı abidəsi ucaldılacaq".

Elçin Yusubov onu da bildirib ki, Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə ayrılmış ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. Ümumilikdə ərazidən 279 min 416 kubmetr həcmində söküntü tullantılarının daşınması təmin olunub. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq. Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Xankəndidəki Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyevin Qarabağ bölgəsinə səfəri zamanı qoyulub. Ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir. Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.

Elxan SALAHOV

Oxşar xəbərlər