17.01.2026, 21:08
AZ EN
14.01.2026, 10:34 219

Qarabağın su təminatında Xaçınçayın öz payı var

QARABAĞ
  • Qarabağın suvarma su təsərrüfatında Xaçınçay su anbarının özünəməxsus yeri var. Ağdam  rayonu ərazisində, Xaçın çayı üzərində yerləşən su anbarının tutumu 23 milyon kubmetrdir.

“Vətən səsi” xatırladır ki, torpaqlarımızın işğalı dövründə ermənilər Qarabağın su təsərrüfatlarına böyük zərbə vurub, ehtiyatlardan vəhşicəsinə istifadə ediblər. Erməni vəhşiliyi  bu cənnət yerləri xarabalığa çevirib. Qırx dörd günlük Vətən müharibəsinin ilk vaxtlarında Ermənistan silahlı qüvvələrinin xain planlarından biri də məhz Xaçınçay gölü ilə bağlı idi. Belə ki, düşmən geri çəkilərkən Xaçınçayın ətrafında qurduğu artilleriya mövqelərindən su anbarını hədəfə alaraq onu dağıtmağa çalışırdı. Məqsəd Ağdam və Bərdə  şəhərlərinin böyük bir hissəsini selə qərq etmək  idi. Lakin düşmən məkrli niyyətinə çata bilmədi. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ağdam rayonu, o cümlədən Xaçınçay su anbarı bir güllə atılmadan düşmən tapdağından xilas olundu.

Mənbəyini Qarabağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarındakı bulaqlardan alan  Xaçınçayının uzunluğu 119 kilometr, hövzəsinin sahəsi isə 657  kvadratkilometrdir. Kürün sağ qolu olan Xaçınçay Ağdərə, Ağdam və Bərdə rayonları ərazisindən keçir. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salınıb.  Xaçınçay su anbarı 1964-cü ildə istimara qəbul edilib. İşğal dövründə su anbarı demək olar ki, tamamilə yararsız vəziyyətə salınıb. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ekoloji tarazlığı yaratmaq üçün qısa müddətdə  burada müəyyən işlər görülüb və suyun toplanması mümkün olub.

Mütəxəssislərin fikrincə, hazırda anbarda 20 milyon kubmetr su var. Anbarda aparılan  təmir-bərpa işləri nəticəsində ətraf ərazilərdə suvarma suyuna olan tələbat artıqlamasilə yerinə yetiriləcək. Ağdamın ən iri su hövzəsi olan Xaçınçay həm də əsaslı şəkildə yenidən qurulan Ağdam şəhərinin, ətraf kənd və qəsəbələrin içməli su təminatında da mühüm rol oynayacaq.

 Röya SALMANQIZI

Oxşar xəbərlər