23.06.2025, 01:12
AZ EN
12.07.2023, 12:40 303

Qarabağda bərpa işləri sürətlənir

QARABAĞ

Prezident İlham Əliyev indiyədək 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında şəxsən iştirak edib

  • Bu il dövlət büdcəsinin dürüstləşməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı hər şey nəzərdə tutulan planlardan daha sürətlə icra edilir.

“Vətən səsi” xəbər verir ki, bunu prezident İlham Əliyev iyulun 11-də keçirilən müşavirədə çıxışı zamanı deyib: “Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq 5 yaşayış məntəqəmizdə – 1 şəhər və 4 kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar”.

Dövlət başçısı deyib ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: “Mən şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi 8 ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və 700-dən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Prezident onu da bildirib ki, dövlət büdcəsində dürüstləşmə zamanı dövlət siyasətinin iki istiqaməti - Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması çox açıq aydın şəkildə qoyulub: “Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.

Elxan SALAHOV

Oxşar xəbərlər