Bunu Şuşada Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov söyləyib.
Yolun uzunluğunun ümumilikdə 81,7 kilometr olduğunu qeyd edən Ə.Hüseynov layihə əsasında 7 tunelin, 8 viaduktun, 7 qovşağın inşa edilməsinin nəzərdə tutulduğunu, o cümlədən 128 dairəvi, 66 düzbucaqlı boru və 38 yeraltı keçidin inşasının planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, layihənin 66 kilometrdən 81 kilometrə qədər olan sahəsində əsas işlərin 85 faizi artıq tamamlanıb. Bu hissədə 6 tunel və 2 viaduktun tikintisi işləri başa çatıb. Bir hissədə asfalt işləri, digər hissədə isə yol yatağı işləri tamamlanıb. Tunellərin ümumi uzunluğu isə 12,7 kilometrdir. Bu tunellərdən 6-da əsas işlər başa çatdırılıb.
“Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolu Zəfər yoluna nisbətən 20 kilometr qısa olacaq. Yol sürətli olmaqla bərabər, Qarabağın tacı olan Şuşaya qədər nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək”, - deyə Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qeyd edib. (AZƏRTAC)