19.04.2024, 07:55
AZ EN
31.03.2023, 17:04 243

Füzuli rayonu, Araz Yağlıvənd kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Füzuli rayonunun Araz Yağlıvənd kəndi rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində,  maili düzənlikdə yerləşir. Araz Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranmışdır. Yağlıvənd oymağı Cavanşir elinin bir qoludur. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlə yetirilməsindən sonra Yağlıvənd oymağı geri döndü. Pənahəli xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı. Yağlıvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Araz Yağlıvənd, digəri isə Yağlıvənd adlandırıldı. XIX əsrə aid sənədlərdə Cəbrayıl qəzasında maldarlıqla məşğul olan Yağlıvənd adlı bir elat haqqında məlumat verilir. Cavanşir elinin Yağlıvənd oymağından xeyli sənətkarlar çıxmışdır. Şair Soltan Hüseynəli oğlu Yağlıvəndi (1823 -?), Molla Bəyməmməd Bülbül (1837 -?) və onlarla başqalarının adlarını çəkmək olar. Kəndin tanınmış şəxsiyyətləri - Məhi Cumü oğlu Vəliyev, Əvəz Musa oğlu Məmmədov, Qarabağ döyüşlərinin şəhidləri - Bəxtiyar Əzimov, Cavanşir Vəliyev Ələkbər Şəmmədov, Camal Mirzəyev, Səməndər Kərimov və b. göstərmək olar. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR