23.06.2025, 09:22
AZ EN
22.02.2023, 14:55 473

Qarabağ hadisələrinin ilk şəhidləri

QARABAĞ
  • 1980-ci illərinin axırlarında başlanan Qarabağ hadisələrinin ilk şəhidlərinin - Əli Hacıyev və Bəxtiyar Quliyevin qətlindən 35 il ötür. 

1988-ci il fevralın 21-də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət partiya komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi.

Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı.  Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş iştirakçılarının məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi. Ağdamlı gənclər - Əli və Bəxtiyar da etirazçılar arasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Əsgəran qəsəbəsi yaxınlığında azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.  Onlar, illərdə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri oldular.

Bu gün bütün şəhidlərin, o cümlədən Əli və Bəxtiyarın ruhları şaddır. Düşmən Ağdam torpağından qovulub çıxarılıb. Viran qalan yurd yerlərimizi dirçəldirik...

Allah şəhidlərimizə rəhmət eləsin. 

Oxşar xəbərlər