1992-ci ildən Bakıda nəşr edilən “Şuşa” qəzeti hazırda ayda iki dəfə işıq üzü görür. 2005-ci ildən “Şuşa” qəzetinə Vasif Quliyev redaktorluq edir. 1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində doğulan Vasif Quliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yazıçı-publisist, tərcüməçi, naşirdir. “Şuşa” nəşriyyatının direktoru, “Günəş” jurnalının baş redaktorudur.
1982-1984-cü illərdə Azərbaycan Televiziyası və Radiosu ilə əməkdaşlıq edib, sonradan “Pioner” (indiki “Günəş”) jurnalında işləyib.
İlk yazıları 1973-cü ildə “Şuşa” qəzetində dərc olunub, sonralar bir çox qəzet və jurnalda (“Kommunist”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Bakinski raboçi”, “Vışka”, “Molodyoj Azerbaydjana”, “Ulduz”, “Qobustan”, “Mədəni-maarif”, “Azərbaycan təbiəti” və s.) çıxış edib.
V.Quliyev 1992-ci ildə “Şuşa” nəşriyyatını yaradıb, Azərbaycanın, əsas da Qarabağın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, etnoqrafiyasına aid onlarca kitab nəşr edib, yüzlərlə kitabın redaktoru, tərtibçisi və rəyçisidir.
Hazırladı: Mina RƏŞİD