Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Onun qeydlərini təqdim edirik.
1850-ci illərdə, Xurşidbanu Natəvan Tiflisdə yaşamalı olmuş, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özünün milli və kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə ictimaiyyət içərisində maraq yaratmışdır. Bununla yanaşı, onun dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi də az olmamışdır. Şuşada Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanu Natəvanda şeirə və sənətə olan marağı gücləndirmişlər. Dağıstana, Vladiqafqaza, Şirvana, Bakıya, Gəncəyə, Naxçıvana səfəri zamanı bir sıra yüksəkrütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşməsi onun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir.
İncə qəlbli şairə Xurşidbanu Natəvan həm də xeyriyyəçiliyi ilə tanınıb
İncə qəlbli şairə Xan qızı Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyirxahlığı və xeyriyyəçiliyi ilə tanınmışdır. O, 1873-cü ildə Şuşaya içməli su kəmərini çəkdirmişdir ki, bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Şuşa hamamlarından biri olan Şirin su hamamı da 1878-1880-ci illərdə Xurşidbanu Natəvanın sifarişi ilə Merdinli məhəlləsində tikilmişdir. Hamamın memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdur. Hamam Xurşidbanu Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə Şirin su hamamı adlandırılmışdır. Xan qızı həmçinin, Araz çayından Mil düzünə su kəməri çəkməyə təşəbbüs etmişdir. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da Aleksandr Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.
Fransız yazıçını şahmatda mat edən Azərbaycanlı şairə
Tarixi sənədlər göstərir ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan məşhur yazıçı Aleksandr Düma 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olmuşdur. Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycan ərazisinə səyahət etmişdir. 1859-cu ilin aprel ayında Dümanın 3 cilddən ibarət “Qafqaz səyahətinin təəssüratları” əsəri (fransızca: “İmpression de Voyage Le Caucase”) Parisdə çap olunmuşdur. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Qarabağ xanının qızı, məşhur şairə Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yadda qalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı olmuşdur.
Xan qızının erməni vandalizminə məruz qalmış evi
Xan qızı Xurşidbanu Natəvanın evi Şuşa şəhərində ilk inşa edilmiş mülklərindən biridir. XIX əsrin memarlıq abidəsi sayılan Natəvanın imarəti böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malik olmuşdur. Xurşidbanu Natəvanın imarəti “Bazarbaşı” meydanının yaxınlığında hasara alınmış ikimərtəbəli əzəmətli binada yerləşirdi. Beş iri otaqdan ibarət olan bu imarətin yanında sonralar ikimərtəbəli, altı otaqlı əlavə bina da inşa edilmişdir. Bu ikimərtəbəli mülkdə görkəmli şairənin rəhbərliyi ilə “Məclisi-üns” ədəbi məclisi keçirilirdi. Şuşanın digər tarixi tikililəri kimi Xurşidbanu Natəvanın evi də erməni vandalizminə məruz qalıb.
Görkəmli şairə Xurşidbanu Natəvanın xatirəsi hər zaman uca tutulur
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmişdir. 1982-ci il iyulun 29-dan avqustun 2-dək Şuşaya bir il içərisində ikinci dəfə səfər edən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə şəhərdə görkəmli şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdur. Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən şairənin büstünü də güllələmişlər. 44 günlük Vətən müharibəsində Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olub. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat vardır. 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizmə məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. 2020-ci ildə Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin yenidən açılışı olub.
Prezident İlham Əliyev 2022-ci il martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2022-ci il oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. (AZƏRTAC)