21.11.2024, 22:51
AZ EN
19.06.2023, 09:05 558

İldırım xan Şərifov - 140

QARABAĞ

Ağdam şəhər pristavı –İldırım xan Şərifov

  • İldırım xan Şərifov təxminən 1883-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (Bakı, 2018) adlı monoqrafiyalarm əsasında hazırlanmışdır.

İldırım xan Şərifovun atası Qasım bəy Seyidli kəndinin Şəriflilər nəslindəndir. Nəs­li öz adını XIX əsrdə yaşamış Şərif bəyin adından almışdır. Şərif bəyin atası Məşədi Hüseyn bəy (...-1832) Seyidli kəndinin sayıaln şəxslərindən idi.

İldırım xan Şərifovun anası Mənzər xanım (...-1942)  Seyidli kəndinin Qazılılar nəslinin adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828-1873) qızıdır.

İldırım xanın atası Qasım bəy dünyasını dəyişəndə azyaşlı idi. Özündən yaşca kiçik Çərkəz bəy və Ulduz xanım adlı bacı - qardaşı var idi. İldırım xan və kiçik qardaşı Çərkəz bəy ilk təhsilini yaxın qohumu ulu babam Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan (1858-1931) almışdır. Sonralar təhsilini Ağdam şəhər məktəbin­də (Ağdam şəhər 1 nömrəli orta məktəb) davam etdirmişdir.

İldırım xan və kiçik qardaşı Çərkəz bəyin adları Qarabağa aid yazılan tarixi əsərlərdə xüsusi qeyd olunur. O, qardaşı ilə Qarabağın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış, Seyidli kəndinin nüfuzlu bəylərindən sayılmışdır. Neçə-neçə tarixi şəxsiyyətlər məhz onun və qardaşının igidliyi sayəsində sağ qala bilmişdilər. İldırım xan və Çərkəz bəy öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı  uzun illər silahlı mübarizə aparmışlar. Daha doğrusu erməniləri himayə edən çarizmə qarşı döyüşmüşlər.

İldırım xan Şərifov İranda Səttarxan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüşdür. Səttarxan hərəkatına aid tədqiqat əsərlərində onun adına təsadüf edilir.

İldırım xan Şərifov Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmişdir. O, pristav işlədiyi illərdə ondan əvvəl pristav olmuş Bəhram bəy Kazımbəyovu öldürən şəxsi Ağdam bazarında (indiki Ağdam şəhər 1 saylı orta məktəbin yerləşdiyi ərazi) camaatın gözü qarşısında cəzalandırmışdır.

İldırım xan Şərifov Ağdam şəhər pristavı işlədiyi dövrdə şəhər sakinləri adından Azərbaycan parlamentinə Fətəli xan Xoyskinin təşkil etdiyi sayca üçüncü hökumət kabinetinin yaradılması münasibətilə təbrik məktubu göndərmişdir. İldırım xan Şərifov başda olmaqla şəhərin bir qrup hörmətli sakininin imzaladığı bu təbrik məktubu Azərbaycan parlamentinin 8 yanvar 1919-cu ildə keçirilmiş VII iclasında oxunmuşdur.

İldırım xan Şərifov 1925-ci ildə Seyidlidə vəfat etmiş, "Qaraağacı" qəbiristanlığında dəfn edilmişdir.

Bu  il İldırım xan Şərifovun anadan olmasının 140 illik yubileyi tamam olur. Qarabağın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış bu tarixi şəxsiyyətin həyatı, fəaliyyəti tədqiq edildikcə adı ehtiramla yad ediləcəkdir.

Orxan Zakiroğlu (Baharlı)

Oxşar xəbərlər