Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən tuneldə martın 31-də dinc əhalinin gülləboran edilməsinin şahidlərdən biri, o zaman 14 yaşı olan Kilsəli (indiki Günəşli) kənd sakini Ramil Eldar oğlu Hüseynovun dediklərindən: “Martın 30-da günorta Ağdərə istiqmətindəki atışmanın səsi artıq kəndimizdə eşidilirdi. Axşama yaxın kənddən bir qədər yuxarı iki top mərmisi düşdü. Həmin gecə səhərə qədər, demək olar ki, heç kim yatmadı. Kənd camaatı ağsaqqalların tövsiyəsi ilə qadınları, uşaqları və qocaları təhlükəsiz yerə çıxarmağı qərara almışdı. Gecə saat 2-3 radələrində atam evə gələrək xəbər verdi ki, kənddən təcili çıxarılmaq üçün sakinlərin siyahısı tutulub. Həmin siyahıda 25 nəfər qadın və uşağın adı yazı yazılmışdı, mən də onların arasında idim. Anam isti paltarlarımı yığdı, yola götürmək üçün yemək hazırladı. Səhər saat 6 radələrində məktəbin həyətinə toplaşdıq. Çox kədərli mənzərə idi, hamı kövrəlmişdi. Elə bil camaatın ürəyinə dammışdı ki, bir neçə saatdan sonra həyatda olmayacaqlar. Saat 7-yə işləyəndə həmkəndlimiz Qoşqarın “QAZ-53” markalı yük maşını ilə yola düşdük. Təxminən 7 kilometr məsafə qət edərək Comərd kəndinə çatdıq. Tunelin Ağdərə istiqamətinə çıxışından 150 metr irəli keçən kimi maşına atəş açıldı. Qoşqar nə baş verdiyini öyrənmək üçün maşını yolun ortasında saxlayıb yerə düşdü, onu dərhal vurdular. Bizi gülləboran edənlərin ermənilər olduğunu başa düşdük. Özünü maşından yerə atan ikinci adam Əsgərxan dayı oldu, onu da ayağından vurdular. Mən aşağı tullanaraq maşının arxa təkərləri arasındakı dar yerə girib orada gizləndim. Bir saata yaxın davam edən amansız hücum zamanı maşındakıların hamısı ya qətlə yetirildi, ya da yaralandı. Kiminə bir, kiminə dörd-beş güllə dəymişdi. Ən ağır yaralanan Cəmilə adlı qadının yanında 4 uşağı vardı – böyüyü 14, kiçiyi 9 yaşında. Mən təkərin arxasında gizlənərkən maşının yük yerindən kürəyimə qan damcılayırdı. Yaralılar ah-nalə çəkir, “su” deyib qışqırırdılar...
Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı. Sürücü bizi görən kimi vəziyyəti başa düşdü, qəfildən sürəti artırdı. Yəqin ki, məqsədi ermənilərin əlindən qurtulub “Tunelin körpüsü”nə çıxmaq idi. Oraya çata bilsəydi, bəlkə də qətliamdan xilas ola bilərdilər. Lakin ermənilər onları da vurmuşdu, maşının təkərini güllələsələr də, sürücü avtomobili diskin üstündə sürərək uzaqlaşmağa çalışırdı. Ancaq cəmi 10-15 metr irəliləyəndən sonra maşın dayandı. Onun arxasınca gələn, içərisində qadın və uşaqların olduğu “UAZ” markalı minik maşını da irəli gedə bilmədi. Hər üç maşın atəş altında qalmışdı, güllə yağış kimi yağırdı. Bizdən qabağa keçmiş yük maşınını ermənilər qumbaraatanla partlatdılar, ətrafı alov bürüdü…
Saat 12-yə yaxın atəş səngidi, ermənilər tunelin yaxınlığındakı pusqudan çıxıb maşınlara tərəf gəldilər. Təxminən 20 nəfərədək silahlı quldur dəstəsi əvvəlcə qapıları açılmış, içərisindəki meyitlərin aşağı sallandığı “UAZ”a yaxınlaşdılar. Ermənilər bizim maşına qumbaraatanla atəş açmağa hazırlaşanda gizləndiyim yerdən çıxdım. Bu vaxt yaxın qohumum Ofeliyanın səsini eşitdim: “Ramil, hardasan? Mənə kömək elə”. Ofeliya qolundan yaralanmışdı, ona kömək edib maşından düşürdüm. Həmin vaxt yerdə yaralı vəziyyətdə uzanmış Əsgərxan dayı yolun ortasında qalan maşınlarda hərbçilərin olduğunu güman edən ermənilərin niyyyətini başa düşüb, əlindəki papağı yelləyərək qışqırdı ki, bizim maşında hərbçi və silah-sursat yoxdur.
Bundan sonra 7-8 erməni silahları bizim maşına tuşlayaraq yanımızda hərbçilərin olub-olmadığını soruşdular. Biz isə mülki əhali olduğumuzu söylədik. Həmin vaxt arxa təkərin yanında dayanmışdım. Ermənilərdən biri mənə tərəf gələndə azca kənara çəkildim. O, ayağını təkərin üstünə qoyub maşının yük yerinə qalxdı, oradakı yaralıları, əş¬yalarımızı gördükdən sonra yerə düşərək silahlı quldurların yanına getdi. Qorxudan donub qalmışdım, kənddə qalan valideynlərimin, qohum-əqrəbanın, indi olmasa da sabah gəlib buradan keçəcəklərini düşündükcə daha çox həyəcanlanırdım. Qumbaraatanla vurulan yük maşınından partlayış dal¬ğası yeniyetmə qızı və bir oğlanı aşağıdan axan Tutqun çayına atmışdı. Yeganə və Müşfiq adlı bacı-qardaşların ağlaşması hələ də gözümün qabağından getmir...
Saat 3 radələrində Ağdərə istiqamətindən zirehli texnikanın müşayiəti ilə çoxlu erməni əsgəri gəldi. Onlar yaxınlaşıb əvvəlcə “UAZ”a və artıq yanıb külə dönmüş yük maşınına baxdılar. Ermənilər yük maşınlarını bizim maşının yanında saxladılar, sağ qalanları və yaralıları yığmağa başladılar. Yaralıların hamısını maşının yük yerində bir-birinin üstünə qalaqladılar. Çayın qırağında ağlaşan yeniyetmə bacı-qardaşı da gətirib maşına atdılar. Onların vəhşi davranışlarını, yaralıların lazımsız əşya kimi maşının yük yerinə atıldığını görəndə qəlbimdən özümü çaya atmaq fikri keçdi. Bilirdim ki, girov aparsalar, çox ağır işgəncələr yaşayacağam.
Ermənilər yerdə qalan iki meyitə yaxınlaşanda yavaş-yavaş maşının arxa hissəsinə keçib ordan özümü çaya atdım. Təxminəm 25-30 metr hündürlükdə yerləşən qayalıqda dayanan ermənilər arxamca hay-küy salır, güllə atdılar. Ancaq artıq çayın içərisində idim, çay məni təxminən 20 metrə qədər aparandan sonra söyüd ağacına ilişdim. Çayın üzərinə uzanan ağacın qol-budağından tutub kənara çıxdım. Hiss etdim ki, ayağımda dəhşətli ağrı var, çaya atılanda diz qapağım möhkəm əzilmişdi. Özümə gələndən beş-on dəqiqə sonra çay yuxarı qayıtdım. Hələ də yuxarıdakı qayanın üstündə dayanan ermənilərin danışıqlarını eşidirdim. Çayın qırağında gizlənib bir qədər gözlədim. Ermənilərin məni görə bilməyəcəklərinə əmin olandan sonra tunelə girdim, geriyə - kəndimizə tərəf qaçdım. Tuneli keçəndən sonra Comərd kəndi tərəfdən bir neçə maşının gəldiyini gördüm. Onlara əl edib saxlatdırdım, ermənilərin tunelin çıxışında pusqu qurduqlarını, yoldan keçən maşınları gülləboran etdiklərini söylədim. Həmin maşınlardan birinə oturub Comərdə gəldim. Şahidi olduğum hadisəni camaata danışdım və dərhal payi-piyada kəndimizə yollandım. Saat 3-4 radələrində kəndə çatdım. Kəndin girəcəyində tuneldə qətlə yetirilən sürücü Qoşqarın anası Əfruz xala ilə qarşılaşdım. O, “Ramil, səni səhər-səhər yola salmışdıq, niyə qayıtdın?” - deyə soruşdu. Ermənilərin bizi gülləborana tutduğunu, təkcə mənim qaça bildiyimi söyləyəndə Əfruz xala qışqırdı. Onun oğlu və qızı da həmin maşında idilər. Əfruz xalanın qışqırtısını eşidən adamlar axışıb bizə tərəf gəlirdilər. Atam üst-başımın qana bulaşdığını görəndə maşında qəzaya düşdüyümüzü güman etmişdi. Hamı başıma yığışdı, əhvalatı danışdım. Kənddə dəhşətli bir müsibət qopdu. Elə həmin gün kənd camaatı evlərini tərk edərək meşəlik ərazilərlə Murova doğru yola düşdü…”
Ermənilərin Kəlbəcər-Başlıbel yolu üzərindəki tunelin yaxınlığında qəddarcasına gülləboran etdiyi mülki əhalinin 25 nəfəri Kilsəli, 52 nəfəri Laçın rayon sakini idi. Həmin vaxt Laçın rayo¬nunun Şamkənd kəndindən olan Yusif Əliyev və ailə üzvləri “UAZ” markalı minik maşınında qətlə yetirilmişdi. Bu dəhşətli qətliam “Karo” və “Avo” ləqəbli ermənilərin başçılıq etdiyi quldur dəstəsi tərəfindən həyata keçirilmişdi.
Hadisədən təxminən bir saat sonra Başlıbeldən gələn 14 yük maşınından ibarət köç karvanı Comərd kəndi yaxınlığında tunelin ermənilərin nəzarətinə keçməsindən xəbər tutaraq geri qayıtmışdı. Ancaq ermənilər müxtəlif ərazilərdə pusqular quraraq yol və keçidləri bağlayır, istər mülki əhaliyə, istərsə də rayonun müdafiəsində dayanan hərbi bölmələrə qarşı amansız hücumları davam etdirirdi. Nadirxanlı kəndində olduğu kimi...
Laçın istiqamətində mühasirədə qalan Milli Ordu bölmələri sızma əməliyyatları vasitəsilə işğal zonasını tərk edərkən erməni silahlı qruplaşmasının hücumuna məruz qalıb. Mühasirədən çıxmağa çalışan 15 nəfərdən ibarət hərbi və mülki şəxsi arxadan təqib edən işğalçı ordu bölmələri Nadirxanlı kəndi yaxınlığında onları pusquya salaraq kütləvi qətllər törədib. Aprelin 5-nə təsadüf edən həmin hadisə zamanı sağ qalan əsgərlər həlak olmuş döyüşçü yoldaşlarından bir neçəsini gizli şəkildə dəfn etdikdən sonra mühasirəni yarmağa nail ola bilmişdilər.
Həmin hadisənin şahidlərindən biri, o zaman baş leytenant (hazırda polkovnik leytenant) rütbəsində 711 saylı taborun komandiri vəzifəsində xidmət edən İntiqam Məhərrəmovun dediklərindən: “Martın 31-də Hoçazdakı mövqeləri tərk etdik və aprelin 2-də Zülfüqarlı kəndinə gəldik. Tuneldə ermənilərlə qarşılaşdıq, Almalıq kəndi yaxınlığında erməni hərbi qüvvələri ilə qeyri-bərabər döyüşdə geri çəkildik. Məcburiyyət qarşısında dağlara çəkilərək Çaykəndə keçdik, Kəlbəcər rayonu tamamilə Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçmiş, mühasirə vəziyyətində olan hərbi və mülki şəxslərin xilas olmaq imkanı demək olar ki, qalmamışdı. Yolda bizə qoşulan yerli camaat Murov yolu bağlı olduğundan sol tərəfdəki dağlara qalxaraq meşəlik ərazilərlə getməli olduğumuzu dedilər. Nadirxanlı kəndi istiqamətində bir qədər irəlilədikdən sonra məlum oldu ki, orada da yol bağlanıb. Maşınları düşmənin ələ keçirə bilməməsi üçün dərəyə yuvarladıq. Sonra Kəlbəcərin müxtəlif kəndlərindən olan mülki şəxslərin bələdçiliyi ilə meşəyə qalxdıq və sızma əməliyyatları vasitəsilə aprelin 5-də Nadirxanlı kəndinə qədər irəlilədik. Həmin axşam Tərtər çayının kənarında, Çaykəndlə Nadirxanlı kəndlərinin arasında ermənilər bizi atəşə tutdu. Düşmənlə qeyri-bərabər döyüşdə xeyli itki verdik, mülki sakinlər arasında da qətlə yetirilənlər oldu. Vəziyyət çox qarışıq idi, meyitlərin heç birini döyüş zonasından çıxarmaq mümkün olmadı. Yaralı əsgərləri isə çox böyük çətinliklə Nadirxanlı kəndinin yuxarısındakı meşəyə qədər apara bildik. Ancaq yaralı əsgərlərdən dörd nəfəri ölümçül vəziyyətdə idi, onlar şaxtalı havada meşədə gizlənərkən vəfat etdilər. Şəhid olan əsgərlərləri elə oradaca torpağa basdırandan sonra yolumuza davam etdik”.
İntiqam Məhərrəmov əsgərlərin köməyi ilə meşədə dəfn etdikləri şəhidlərin ad və soyadını xatırlamır. Yanaşı basdırdıqları iki şəhidin hansı rayonda qeydiyyatda olduğu da bəlli deyil. Onlardan 10-15 metr aralıda dəfn olunan digər iki şəhidin biri Bakının Maştağa qəsəbəsindən, digəri isə Ucar rayonundan olub. Ermənilərin Çaykənd və Nadirxanlı kəndləri arasında törətdiyi qətliam zamanı həlak olan mülki sakinlərin də şəxsiyyəti məlum deyil.
Elxan SALAHOV