1934-cü ildə, bəy əsilli olduğuna görə, yerli hakimiyyət orqanlarının davamlı təzyiqləri ilə üzləşən Mahmud bəy ailəsi ilə birlikdə atasının Tuğ kəndindəki malikanəsindən Bakıya köçməyə məcbur olur. Burada neft mədənlərində fəhlə kimi işə düzəlir və ömrünün sonuna kimi orada çalışır.
1930-cu illərin repressiyaları Məlik-Aslanovlar ailəsinə də təsir etdi. Ona görə də ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün Mahmud bəy Aslanov soyadını götürməyə qərara gəlir. Artıq Bakıya köçərkən Mahmud bəyin üç övladı var idi. Onun üçün həyatda ən böyük dayaq - həyat yoldaşı, Azərbaycan Xalq Cümhuriyyəti Həmkarlar İttifaqının birinci sədri Cavad bəy Məlik-Yeqanovun bacısı Nabat xanım olub.
Vahid və mehriban ailə, bütün bunlar uşaqların - İsmət, Muxtar və Leylanın inkişafında böyük rol oynayırdı.
İkinci Dünya Müharibəsi illərində İsmət silahlı qüvvələrə çağırıldı, döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə orden və medallarla təltif edildi. Təəssüf ki, döyüşlərin birində ağır yaralanması onun bir qulağında eşitmə qabiliyyətinin praktiki olaraq itməsinə səbəb oldu. Müharibədən sonra İsmət Tibb İnstitutunda (indiki Tibb Universiteti) təhsil aldı, bu institutu bitirdikdən sonra isə həyatını Sumqayıtla bağladı və uzun illər İnşaatçılar poliklinikasına rəhbərlik etdi. Tibb sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə dövlət təşkilatlarından Fəxri fərmanlar və təşəkkür məktubları aldı. Yeri gəlmişkən, onu tanıyanların yaddaşında indiyə qədər də həssas, əlindən gələn köməyi etməyə hazır olan bir insan qalıb.
Neft və Kimya İnstitutunu (indiki Dövlət Neft və Sənaye Universiteti) bitirən Muxtar isə Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalıdı. 1969-cu ildə keçmiş Sovet İttifaqının neft mədənlərində geniş miqyasda avtomatik və telemexaniki qurğuların yaranması, istehsalı və tətbiqi sahəsindəki böyük xidmətlərinə görə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görüldü. Ona Azərbaycanın Əməkdar Mühəndisi, eləcə də Əməkdar Neftçi fəxri adları verildi.
Muxtar 40 elmi əsərin və 10 ixtiranın müəllifidir, bəzi ixtiraları xarici ölkələrdə patentləşdirilib. Onun son iş yeri - Azərbaycan SSR Dövlət Yanacaq Komitəsinin (indiki Energetika Nazirliyi) sədri vəzifəsi olub.
Mahmud bəyin qızı Leyla xanım da Neft və Kimya İnstitutunun (indiki Dövlət Neft və Sənaye Universiteti) məzunu olub. Uzun illər “Gipromornefteqaz” (indiki “Neftqaz”) Elmi-Tədqiqat və Layihə İnstitutunda kimya mühəndisi kimi əmək fəaliyyəti göstərib. Leyla xanınımın öz övladı olmmasa da, həyat yoldaşı Əziz Xələfovun övladlarını layiqincə böyüdüb. Bunun bariz nümunəsi Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovadır.
Rəyanə MƏLİK-ASLANOVA
Şəkillərdə: