18.10.2024, 16:25
AZ EN
30.05.2023, 13:05 476

Qarabağlı mesenat – Hacı Zeynalabdin Əliyev

QARABAĞ
  • Hacı Zeynalabdin İsmayıl oğlu Əliyev 1858-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır. O, soy-kök etibarilə Qarabağın qədim tarixi keçmişə malik Seyidli kəndinin Kərbəlayi Miralılar nəslindəndir. Kərbəlayi Miralılar nəsli Seyidli kəndinin sayılıb-seçilən nəsillərindən biridir. Din xadimləri, tacirləri ilə tanınmış nəsil öz adını Kərbəlayi Mirəlinin adından almışdır. Kərbəlayı Mirəli XVIII əsrin ortalarında anadan olmuş, mükəmməl dini təhsil almış, zəmanəsinin savadlı, müdrik din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün Seyidli kəndində Kərbəlayi Mirəlı adı ilə tanınmışdır. Kərbəlayi Mirəlı 1826-cı ildə vəfat etmişdir.

Hacı Zeynalabdin Əliyevin atası İsmayıl (1818-...) Kərbəlayi Mirəlinin oğludur.  O da atası kimi dövrünün oxumuş, savadlı insanlarından sayılmış, Molla İsmayıl adı ilə tanınmışdır.

Hacı Zeynalabdin Əliyevin həyat və fəaliyyətinə aid, təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Onun adını ilk dəfə uşaq ikən ana babam Məmməd Məmmədovun (1917-1990) söhbətlərindən eşitmişəm. Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədov Hacı Zeynalabdinin  əmisi Ağamalının  (1808-1848) kötücəsidir. Babam Hacı Zeynalabdini  rəhmətlə xatırlardı. Məmməd babamın söhbətlərindən bilirdim ki, Seyidli kənd sakinləri ona hörmət əlaməti olaraq “Hacı əmi” deyə müraciət edərmişlər.

Hacı Zeynalabdin Əliyev mükəmməl dini təhsil almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Məşhəd və həcc ziyarətində olmuşdur.

Hacı Zeynalabdin Əliyevin Qarabağda böyük at ilxısı, qoşa dəyirmanı, dükanları, karvansaraları, geniş torpaq sahələri, meyvə bağları olmuşdur, tacir kimi tez-tez Şərq ölkələrinə səfərlər etmişdir. Varlı insan olduğu üçün Şərq ölkələrində onun böyük nüfuzu var idi. 1920-ci ildə Hacı Zeynalabdin Əliyevin şəxsi kapitalı 7 milyon yarım manata çatırdı.

Hacı Zeynalabdin Əliyev sələflərindən xələflərinə ötürülən məlumatda alicənab, ağayana, xeyirxah, səxavətli şəxs kimi xatırlanır. O, kasıbların, kimsəsizlərin himayadarı sayılmış, evi hər zaman ümüdini itirmiş insanların üzünə açıq olmuşdur. Xeyriyyəçilik fəaliyyətinə görə Qarabağda mesenat kimi tanınmışdır. Hacı Zeynalabdinin məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin  yaradıcısı Hacı Zeynalabdin Tağıyevlə şəxsi tanışlığı, səmimi münasibəti  olmuşdur.

Hacı Zeynalabdin Əliyev Çar Rusiyası dövründə ölkənin ictimai həyatında yaxından iştirak etmiş, Şuşa qəzasından Bakı dumasına üzv seçilmişdir. O, Azərbaycanın mütərəqqi fikirli ziyalıları ilə dostluq etmişdir. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev də onun dostları sırasında idi.

Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Hacı Zeynalabdin Əliyev də var idi.  Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Əliyevin bütün var-dövləti əlindən alınmış, özü isə həyatının sonuna kimi  yeni hökumətin yerli nökərlərinin təzyiqləri altında yaşamalı olmuşdur. O, 1936-cı ildə vəfat etmiş, Ağdamın “Qarağacı” qəbirstanlığında torpağa tapşırılmışdır.

Hacı Zeynalabdin Əliyev Zəhra xanımla ailə həyatı qurmuş, Ələsgər, Ələkbər, İsmayıl adlı oğlanları dünyaya gəlmişdir. Böyük oğlanları Məşədi Ələsgər, Ələkbər dövrlərinin savadlı hörmətli insanlarından sayılmışlar. Kiçik oğlu İsmayıl gənc yaşlarında II Dünya Müharibəsində qəhrəmancasına həlak olmuşdur.

Hacı Zeynalabdin Əliyev övladlarını siyasi şərait üzündən repressiya təhlükəsindən qorumaq üçün onlara atası İsmayılın adının şərəfinə İsmayılov soyadını vermişdir. İstedadlı kadrların hazırlanmasındakı xidmətlərinə görə, Ağdam rayonunun riyaziyyat fənni üzrə ən savadlı və hörmətli müəllimlərindən biri sayılmış Sücaət Ələkbər qızı İsmayılova (1934-2021) Hacı Zeynalabdin Əliyevin nəvəsidir. Ağdam şəhər 5 nömrəli orta məktəbdə  50 ilə yaxın riyaziyyat, fizika fənlərini tədris etmişdir.

Bu gün Hacı Zeynalabdin Əliyevin nəslinin nümayəndələri Azərbaycanın ictimai həyatında yaxından iştirak edir, müxtəlif peşə sahibləri olaraq tanınırlar.

Bu il Hacı Zeynalabdin Əliyevin anadan olmasının 165 illik yubileyi tamam olur. Bakı dumasının üzvü, Qarabağın mesenatı Hacı Zeynalabdin Əliyevin həyatı, fəaliyyəti tədqiq edildikcə adı ehtiramla yad ediləcəkdir.

Orxan ZAKİROĞLU (BAHARLI)

Oxşar xəbərlər