Hayların mətbuatını oxuyanda görürdük ki, onların deputatxanasında olan "Hayastan" adlı fraksiyanın üzvü Geğam Manukyan adlı birisi bir balaca boyu olsa da dam dolusu toyu olanlardandır. Özü də hap-gopda, yalan danışmaqda, böhtan atmaqda ustadır və Hafiz Hacıyevin tənqid siyahısında başda olan Kərimov Əli kimi boğazını uzada-uzada elə danışır ki, elə bil hayların Göyçədə tutub apara bilmədiyi hinduşka, yəni hind toyuğudur. Həmin bu Geğam 2021-ci ildə Ermənistanda deputat seçkisində Robert Koçaryanın komandasından namizəd olub və deputatların ən çox danışanı kimi tanınıb. Tez-tez də deyirdi ki, yeni müharibə olsun, qalib gələrək, gedib Bakıda çay içərik. Özü də bütün mitinqlərdə Nikolu quru yuyub yaş sərirdi. Amma müharibə olmadı. Azərbaycan heç bir gün də çəkməyən lokal antiterror əməliyyatında ermənilərin dizini yerə qoydurdu.Vaxtilə Bakıda çay içmək istəyənlərin də arzusu yerinə yetdi, indi onlar Bakıda təcridxanada çay hörtdədirlər. Onların sırasında 3 David, Geğamın qardaşı David Manukyan da var. Manuk hayca balaca uşaq deməkdir, bu David də balacalığından qardaşı kimi yekə-yekə danışan olub. Deputat qardaşı isə onu cəhənnəmə gedən separatçı qurumun "müdafiə ordusunun komandir müavini" qoydurub özünə də deyib ki, bax sən balacayan olsan da Sasonlu David kimi milli qəhrəman ol, özü də lap yekəsindən...
Elə ki, Azərbaycan qartalları bu Davidi qol-boyun edib qarğalaşdırdılar və kameraya saldılar ki, çay içsin, Geğamım dili qıfıllandı, 3 aydır ki, Azərbaycanın adı gələndə susur, amma Nikolun komandasını yenə topa tutur, tez-tez də Avropaya gedib onun-bunun önündə diz çökür ki, qardaşım bir qələtdi eləyib, onu buraxsınlar.
Hay deputatxanasının sədri Alen Simonyanın uşaqlarının nənəsi, müxalif qaynana ləqəbli baş redaktor Armine Ohanyan isə qəzetəsində yazıb ki, qardaşı tutulandan sonra Azərbaycan adı gələndə Geğamın dili- ağzı bağlanır, bəlkə qıfıllanıb?
N.Qaramanlı