26.02.2026, 13:27
AZ EN
26.02.2026, 11:49 118

“O gecənin şaxtası hələ də ürəkləri üşüdür” - Soyqırımı şahidləri danışırlar

YAZILAR
  • 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə — Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi soyqırımına şahidlik etdi. Həmin gecə Xocalı şəhəri erməni qəsbkarları tərəfindən yerlə-yeksan olundu. 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Aradan 34 il keçsə də, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, o qanlı gecənin şaxtası hələ də ürəkləri üşüdür.

34 il əvvəl baş verən qanlı hadisələri Xocalı sakinləri danışırlar.

Soyqırımının şahidi, insanların ümid yolu - Qarqar çayı

34 il əvvəlki qanlı hadisələrin şahidi olan Qarqar çayı həmin gecə həm də minlərlə insanın son ümid yeri idi. O qanlı gecədə Xocalı sakinləri buz kimi suyun axarı istiqamətində addımlayır, qarlı-şaxtalı gecədə çayı keçərək Ağdamın işığına çatmağa çalışırdılar. Lakin qaranlıq təkcə meşələri deyil, həm də insanlığını itirmiş cəlladların qəlbini bürümüşdü, qarşıda onları xain pusqu və amansız ölüm gözləyirdi. Erməni silahlı dəstələri dinc insanları - əlləri titrəyən qocaları, körpəsini bağrına basmış anaları və taleyi yarımçıq qalmış uşaqları elə bu yerlərdə, Qaraqaya yaxınlığında amansızcasına gülləbaran etdi. Həmin gecə Qarqar çayının şırıltısı güllə səslərinə, suyunun saflığı isə günahsız insanların qanına qarışdı, sahillər və ətraf ərazilər yerlə göyün birləşdiyi fəryad və kədər vadisinə çevrildi.

Ayın soyuq işığı altında donan bu torpaqlar sanki həmin gecəyə şahidlik etməkdən utanıb sükuta qərq olmuşdu. Günahsız insanların qar üzərində donan al qanları xalqımızın dinməyən ağrısı kimi tarixə həkk olunarkən, meşənin uğultulu səsi yarımçıq qalmış ömürlərin hüznlü nəğməsini xatırladırdı. Həmin gecədən bəri Qarqar çayı sadəcə bir axar su deyil, ruhumuzda dinməyən matəm nəğməsi, sahillərdəki buzlu qayalar isə törədilən cinayətlərin səssiz və soyuq şahidləridir. Zaman keçsə də, Qarqarın sahillərindən gələn hər meh hələ də özündə o müdhiş gecənin şaxtasını və qeyb olmuş gülüşlərin həsrətini daşıyır.

“Qadınların, uşaqların ah-naləsi yaddaşımdan çıxmayıb”

Xocalı sakini Firudin Əliyevlə Qarqar çayının sahilinə yaxınlaşırıq. İllərin yorğunluğunu və kədərini çiyinlərində daşıyan Firudin kişi bir müddət lal sükuta qərq olub, dərindən köks ötürür. Onun dalğın nəzərləri sanki çayın bulanıq sularında 1992-ci ilin qanlı fevral gecəsinin izlərini axtarır: “Mən fevralın 19-da ağır yaralandım. Bu, ikinci güllə yarası idi. Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etdilər. Elə vəziyyət yaranmışdı ki, hücumun qarşısını ala bilmədik. Həmin gecə elə dəhşətli idi ki, qadınların, uşaqların ah-naləsi yaddaşımdan çıxmayıb. Xocalının özündə də çox itkimiz oldu. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, camaat Qarqar çayını keçərək xilas olmağa çalışırdı. İnsanların bir hissəsi Kətik tərəfə, digər hissəsi isə dağı keçib Ağdamın Abdal-Gülablı kəndinə doğru istiqamət aldı. Ermənilər Qarqar çayını keçən Xocalı sakinlərini pusquya salaraq qətliam törətdilər. İnsanlar şaxtadan donub həyatlarını itirdilər. Mənim qardaşımın ailəsi də həmin gecə itkin düşdü. Qardaşım, həyat yoldaşı və iki uşağı barədə hələ də bir xəbər yoxdur. Mən yaralı halda Qarqar çayına qədər gəldim. Dayım oğlu məni belinə alıb çayı keçəndə yıxıldı, buz kimi suya düşdük... Şaxtalı günlərdə ayın sonuna qədər meşədə qaldım. Həm də çoxlu qan itirmişdim. Böyürtkənin yarpağını, qarı yeyirdik ki, taqətimiz olsun. Beləcə, çox çətinliklə Ağdama gedib çıxa bildim”.

Bitməyən ana ağrısı

Qarqar çayının sahilində soyuq və kədərli xatirələri dinləyib, Xocalının yenidən qurulan müasir küçələrinə üz tuturuq. Məkan eyni olsa da, zaman fərqlidir. 34 il əvvəl burada atəş, fəryad və nalə səsləri eşidilirdi. İndi isə bu küçələrdə sakitlikdir. Uzun illərin həsrətindən sonra doğma yurdlarına qayıdan Xocalı sakinləri qəlblərində qayıdışın sevinci ilə yanaşı, 34 il əvvəlki faciənin kədərini də daşıyırlar.

Xocalıda yeni inşa edilmiş evlərdən birinin önündə Fitat Məmmədova ilə rastlaşırıq. Bizi sanki illərdir içində böyütdüyü o sönməyən atəşi bölüşmək istəyirmiş kimi doğma ocağına dəvət edir. Evə daxil oluruq. Fitat ana danışdıqca qəhər onu boğur, baxışları uzaqlarda qalan qanlı xatirələrə dikilir: “Xocalıda doğulub, Xocalıda böyümüşəm. Bütün Xocalı sakinləri kimi mən də ağır günlər görmüşəm. Biz burada mühasirə şəraitində yaşayırdıq. Gecələr ətrafdakı dağlardan atəşə tuturdular. Körpəmi qucağıma alıb beton sığınacağa girir, ara sakitləşəndə çıxırdıq. Mənim iki yaşlı oğlum ermənilərin atdığı raketin qurbanı oldu. İlk dəfə ürəyim o vaxt yaralandı. Mənim burada 5 şəhidim var. Həyat yoldaşım, oğlum, 2 qardaşım, 1 qardaşım oğlu...”.

Həmin gün Xocalıda sanki göydən qar deyil, ölüm yağırdı. Fitat xanımın həyat yoldaşı Vətən sorağında, postda, özü isə ana ocağında idi. Erməni silahlıları şəhəri hər tərəfdən od-alova bürümüşdülər. Güllələr evin damına dolu dənələri kimi tökülür, dinc sakinlərin nəfəsini kəsirdi. Gecənin zülmətində saat 3-ə qədər qorxu içində gözlədikdən sonra qardaşının “çıxmalıyıq” nidası onun son ümid çırağına çevrilir.

Fitat xanım deyir ki, küçələrdə zirehli texnikalar nərilti ilə hərəkət edir, ölümü hər addımda yaxınlaşdırırdı. Onlar qonşuların çəpərlərindən keçə-keçə məktəbin yanına, oradan isə Qarqar çayının buzlu ağuşuna sığınıblar. Suyun soyuqluğu iliklərə işləyirdi. Çayın içindən keçib dəmir yoluna çatsalar da, Fitat xanım üçün yol burada daha da çətinləşib. O, bətnində gələcək övladını daşıyırdı. “Çayı keçib dağ-meşə ilə gedə bilməzdim. Dedim siz gedin, mən gedə bilmirəm. Anamla qardaşım çayı keçib meşə ilə getdilər, mən isə dəmir yolunun üstü ilə. Əsgərana çatanda gördüm ki, bir yaşlı kişi də var. Ermənilər işıq salırdılar. İşıq bizə tərəf gələndə gizlənir, sonra davam edirdik. Bir az getmiş bədənimdə istilik hiss etdim – güllə dəymişdi. Bir təhər Ağdamın Qaraağacı qəbiristanlığına gəlib çatdıq. Ağdamlı döyüşçülər bizi götürdülər. Beləcə xilas oldum. Bir gün sonra anam da gəldi. Martın 2-də “KamAZ”la 80-dən çox cəsəd gətirdilər. Məscidə getdik, gördük ki, yoldaşımı, qardaşımın birini və qardaşım oğlunun cəsədlərini yan-yana qoyublar. Bir qardaşımın cəsədi isə martın 19-da gətirildi...”.

Şəhid qanı ilə suvarılan torpaqda yeni həyat

Bu kədərli söhbətdən sonra həyətə çıxırıq. O, yeni əkdiyi ağaclara su verərkən, sanki suyun şəfası ilə illərin bitib-tükənməyən kədərini yuyub aparır, yaralı yaddaşının sızıltısına məlhəm qoyurdu. Su torpağa hoparkən 34 il əvvəlki qanlı gecənin kəskin şaxtasını, barıt qoxusunu da yavaş-yavaş yuyub aparırdı. Bu mənzərə mənə bir vaxtlar qan gölünə dönən torpağın, indi bahar təravəti və gül qoxusu ilə yenidən nəfəs aldığını pıçıldayır. Fitat xanım torpaqdan yüksələn, yaşamaq eşqi ilə boylanan hər bir tumurcuğa, hər bir çiçəyə sanki bir əzizini oxşayırmış kimi baxaraq deyir: “Biz bu gün şadıq ki, torpağımız azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Bu gün şəhidlərimizin qanı tökülən bu torpaqlarda əkdiyimiz hər bir gül, hər bir ağac bizim üçün onların xatirəsinin yaşadılmasıdır. Təsəlli tapırıq ki, itirdiyimiz torpaqları geri ala bilmişik. Artıq Xocalının bağrında ölümün o soyuq nəfəsi deyil, həyatın sönməz və gənc baharı dövr vurur. Xocalıya həyat yenidən qayıdıb”.

Xocalı yaşayır, Xocalı unudulmur...

Artıq doğma sakinlərini ana ağuşu tək qoynuna alan Xocalıya həyat bütün ehtişamı ilə yenidən qayıdıb. Bir vaxtlar barıt tüstüsünün boğduğu küçələrdə indi şən uşaq gülüşləri əks-səda verir, hər həyətdə sülhün və dirçəlişin rəmzi olan yeni fidanlar boy atır. Axşamlar pəncərələrdən süzülən işıqlar sadəcə evləri deyil, 34 il zülmətdə qalan ümidləri də aydınladır.

Xocalı artıq tarixin yaddaşında təkcə bir faciənin və ağrının adı deyil, sarsılmaz xalq iradəsinin, “Böyük Qayıdış”ın və milli dirçəlişin əzəmətli abidəsidir. Şəhid qanı ilə suvarılan bu torpaqlar indi yenidən nəfəs alır, hər əkilən ağac, hər açan gül sanki bir həqiqəti pıçıldayır: Xocalı yaşayır, Xocalı unudulmur... (AZƏRTAC)

Oxşar xəbərlər