Politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən deyib: “Burada bizim maraqlarımıza uyğun gəlməyən iki məsələ yer alırdı. ATƏT-in Misk qurupu formatında danışıqların bərpa olunması, eləcə də Azərbaycan ərazisində olan etnik ermənilərin statusu ilə bağlı məsələ. Təbii ki, bizim siyasi gündəliyimizə daxil deyil və zaman keçdikcə bu normativlər də öz aktuallığını itirdi, həm də rəsmi Bakı bununla bağlı güclü, siyasi iradə və qətiyyət nümayiş etdirdi. Eyni zamanda Ermənstanda 2022-ci il ərzində prezident dəyişikliyi də diqqət çəkir. Hər zaman siyasi ambisiyaları ilə yadda qalan Ermənistanda siyasi proseslərə nüfuz etmək istiqamətində təşəbbüslər göstərən, eləcə də generalların qiyamı vaxtı özünü güclü siyasətçi və daxildə ictimai-siyasi narazılıqları yatıran bir şəxs kimi qələmə verən Armen Sarkisyan hakimiyyətdən getməli oldu. Onu V.Sarkisyan əvəz elədi. Hazırda da biz görürük ki, Ermnistanda siyasi hakimiyyətə hazırkı prezidentin heç bir təsir rıçaqları yoxdur və Nikol Paşinyana görünür ki, belə prezident daha münasibdir”.
2022-ci il Ermənistanda müdafiə nazirlərinin dəyişdirilməsi məğlub orduda yarıtmaz komanda heyətinin təmizlənməsi ilə yadda qaldı. Hakimiyyət əleyhinə və antirusiya əhval-ruhiyyəli mitinqlərdə də minlərlə insan iştirak etdi: “Milli demokratik “Qütb”ün nümayəndələri hər zaman rusafob çıxışları ilə yadda qalıb və bu il ərzində də aktivlik nümayiş etdirirdilər. Eləcə də “Daşnaksütyün” nümayəndələri hakimiyyətə qarşı çıxış edir və “Hayastan” bloku ilə birlikdə hakimiyyətə can atırdılar. Nikol Paşinyan isə bu mitinqlərin keçirilməsi üçün icazə verir və daha sonra onları amansızcasına yatırır və həbs edirdi və daxildə olan ictimai narahatlıqları dərhal danışılar masasına daşıyır və bundan özü üçün arqument kimi istifadə edirdi. Sanki daxildə Azərbaycanla Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı güclü bir koalisiya formalaşdırılıb və bu onun həm hakimiyyətinə, həm də daxili situasiyaya təhdid törədi”.
Yola saldığımız il Praqa və Soçidə keçirilən görüşlərin yekunu olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Bunu isə Azərbaycan diplomatik qələbəsi hesab etmək olar. Tərəflər BMT nizamnaməsinə və eləcə də “Alma-Ata bəyannaməsi”nə sadiqliyini vurğuladılar. Lakin sonrakı proseslərdə İrəvanın sülhdən boyun qaçırmaq yolunu üstün tutdu.
Politoloq daha sonra vurğulayıb: “Dekabrın 7-də Brüsel formatında növbəti görüşün keçrilməsi planlaşdırılırdı və Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə mütləq sürətdə fransa rəhbəri E.Makronun iştirak etmək tələbini irəli sürdü və Fransanın il boyunca ölkəmizə qarşı qərəzli münasibəti, Makronun bəyanatları, senatın və Milli Assambleyanın həqiqətdən uzaq, həqiqətləri təhrif olunan qətnamələri təbii ki, Fransanı bu vasitəçilik imkanlarında da məhrum edirdi. Eyni zamanda Rusiyaya qarşı demarş siyasəti həm də ilin sonunda özünü əyani şəkildə göstərdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada keçirilən üçtərəfli görüşə gəlmədi və görüş yalnız Azərbaycan və Rusiya XİN rəhbərləri səviyyəsində keçirildi”.
Rusiyanın hərbi bazasının orduğu Ermənistana Avropa ittifaqı 400 nəfərlik missiya göndərdi. Əvvəlcə heyətin 2 ay qalacağı deyilsə də, sonradan bu müddət uzadıldı. Ermənistana missiya yalnız Avropadan gəlmədi. Birləşmiş Ştatların Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin başçılıq etdiyi heyətin İrəvana səfəri də 2022-ci ilə təsadüf etdi. Ötən ilin sonu eyni zamanda Azərbaycan sərvətlərinin talanmasına qarşı Xankəndi-Laçın yolunda həyata keçirilən ekoaksiya həm də 2023-cü ilə keçid aldı. Bu proses isə Azərbaycanın suverenliyinin bəqərar olunması və ölkəmizin milli maraqları çərçivəsində sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ