Hər il aprel ayının 7-də Ermənistanda «Analar və gözəllik günü» bayramı keçirilirdi. Aprelin 6-da Azərabycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının rəhbəri Şarl Mişelin Brüsseldəki məlum görüşündən bir gün əvvəl İrəvanın Azadlıq meydanında keçirilən izdihamlı mitinqdə səsləndirilmiş bədbin ifadələr aprelin 7-də işıq üzü görmüş qəzetlərdə və elektron informasiya vasitələrində öz əksini tapmışdır. Belə ki, Ermənistanın sabiq vitse-prezidenti Armen Aşotyan özünün «facebook» səhifəsində həmin görüşdəki danışıqlar barədə ümidsizliyini ifadə edib, Şarl Mişelin açıqlamasını Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına olduğunu vurğulayıb. Siyasi mədəniyyətsizliyi ilə seçilən bu «siyasətçi» vurğulayıb ki, «Nikoldan hamam kisəsi kimi istifadə edilir».
24 NEWS-da yayımlanan videoçarxda isə Mıkırtıçyan soyadlı erməni qadın bildirir ki, Azərbaycan nə istəyirsə, Paşinyan razılaşır. O, Şarl Mişelin açıqlamasını da öz erməni təxəyyülü ilə şərh edərkən bu açıqlamada «arsaxı»ın gələcəyi, statusu, «hərbi əsirlər», itgin düşənlər, erməni mədəni irsi və s. barədə heç bir kəlmədə olsun deyilmədiyini vurğulayaraq, xalqı yenə də izdihamlı mitinqə toplaşıb Nikol Paşinyanın istefasını tələb etməyə çağırıb. Vaxtilə Ermənistan müdafiə nazirliyində yüksək vəzifə tutmuş general Samvel Babayanın həmin kanalda jurnalistin vualına cavab olaraq dediyi «ordu varmı?» sözü də ermənilər arasında çaxnaşmaya səbəb olub. Onların acığına gəlir ki, general Babayan Ermənistanda ordunun çox zəif olduğuna işarə edir.
Ermənistanın Respublika partiyasının funksioneri, vaxtilə Ermənistan parlametinin sədr müavini olan Eduard Şarmazanov da aprelin 7-də öz «facebook» səhifəsində Nikol Paşinyanı «topa tutub». «Bu adam məğlubiyyət və satqınlıq simvoludur» kimi təhqiramiz ifadələr işlədən keçmiş deputat bütün ermənilərin ayağa qalxaraq N.Paşinyanı istefaya məcbur etməyə çağırır.
«Hraparak» qəzetinin 7 aprel tarixli sayında «Azərbaycan sürətlə şose yolu çəkir. İstədiyi an Laçın yolunu kəsə bilər» sərlövhəli yazıda Azərbaycanın Qarabağda gördüyü abadlıq işlərinin ermənilərin ziyanına olduğunu bildirən müəllif erməni iqtidarını günahlandırır və Paşinyanın komandasının yararsız fəaliyyət göstərdiyini vurğulayır.
«Vətəndaş müqaviləsi» fraksiyasının bir neçə üzvünün aprelin 5-də Xankəndidə olarkən yerli ermənilər tərəfindən söyüşlə və daş-kəsəklə qarşılanması da erməni mətbuatında özünə yer alıb. Göstərilir ki, «arsax» Ermənistanın vecinə deyil və o heç vaxt Azərbaycanın tərkibində qalmayacaq. «arsaxlı»ların referendum keçirərək Rusiya Federasiyasına birləşmək istəyi də məhz bundan irəli gəlir.
Bu ilki «Analar və gözəllik günü»nün ermənilərin yeni çaxnaşması ilə yadda qalacağını vurğulayan ekspert V.Abrahamyan isə həmin günü həm də Paşinyanın və komandasının növbəti uğursuzluğu, Azərbaycanın isə qələbəsi kimi dəyərləndirir.
Aprelin 7-də dərc olunmuş qəzetlərin demək olar ki, hamısında ermənilərin saxta soyqırımı barədə də yazılar dərc edilib, Osmanlı dövləti isə təhqir olunub. Görünür, ermənilər müasir siyasi reallığı dərk etmədiklərindən yeni təxribatlar törədib özləri bir-birini qırmağa başlayacaqlar. Təki belə olsun!
Nəsib QARAMANLI