Noyabrın 23-də İrəvanda KTMT-a üzv dövlətlərin başçılarının Zirvə görüşü başlamazdan bir neçə gün öncədən bəri davam edən müxtəlif erməni aksiyaları heç də birmənalı qarşılanmır. «Hraparak» media qrupunun noyabrın 23-də yaydığı xəbərdə bildirilir ki, 44 günlük müharibədən sonra terrorçuluqla məşğul olan bir qrup erməni əsgəri həbs olunsa da həm rəsmi İrəvan, həm də erməni cəmiyyəti onları hərbi əsir kimi təbliğ edirlər və bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara da müraciət ünvanlanıb. Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməməsi isə erməniləri və onların himayədarlarını iki ildir ki, haqq yoluna qaytara bilməyib. Erməni valideynlərin noyabrın 23-də səhər saat 10-da Respublika (keçmiş Lenin) meydanında əllərində rus dilində yazılmış plakatlarla mitinq keçirməsi, sonra isə Rusiya Federasiyasının İrəvandakı səfirliyinə hərəkət etməsi erməni siyasətçilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər noyabrın 22-də «Qütb» və «5165» təşkilatlarının Rusiya əleyhinə aşağılayıcı şüarlarla çıxış etməsinin düzgün olmadığını bildirsələr də Qərb meylli siyasətçilər bununla barışdıqlarını və Rusiyanın təsir dairəsindən çıxmağın vaxtı çatdığını bildirirlər. Putinin KTMT-nın Zirvə toplantısında hansı mövqeni nümayiş etdirəcəyini gözləyən erməni cəmiyyəti belə bir fikir də irəli sürür ki, Putin «əsir»lərin və itkin düşənlərin valideynlərinin, doğmalarının yalvarışlarını eşitməyəcək və onun gözyaşlarına inanmadığı çoxdan məlumdur. Araksiya Beqlaryan adlı erməni qadın isə noyabrın 23-dəki mitinqdə deyib ki, əgər Putin gözyaşlarına rəhm etsəydi o, Ukraynada və Rusiyada minlərlə ananın gözyaşı axıtmasına səbəb olan müharibəyə son qoyardı.
Nəsib QARAMANLI