Aprel ayının ilk günlərində də siyasi labirintdə olan Ermənistanda daxili narazılıq çoxalıb. «Hraparak» qəzeti bildirir ki, hakimiyyətdəki bəzi vəzifəlilər ölkənin ağır iqtisadi, siyasi problemlərinin həllinə yönəlik tədbirlər görmək əvəzinə açıq havada olan ictimai-iaşə obyektlərində «duz və duz qabı məsələsinin müzakirəsinə çox vaxt ayırırlar».
Sabiq fövqəladə hallar naziri Andranik Piloyanın həbs edilməsi isə birmənalı qarşılanmayıb. Göstərilir ki, Paşinyanın vaxtilə yaxın adamı olan və «arsax qəhrəmanı» hesab edilən Andranik Piloyan Fövqəladə hallar nazirliyində yol verdiyi korrupsiya hallarına görə həbs olunub və buna korrupsiyaya qarşı mübarizə komitəsinin yoxlamalarının nəticəsi səbəb olub. İstintaq orqanları sözügedən nazirlikdə işləyən 150 nəfəri dindirib və onların 5-i həbs edilib. Bu məsələ ilə bağlı fikir bildirənlər onun vaxtilə Anna Hakopyanı Qarabağa gedərkən müşaiyət etdiyini, həbsin isə sifarişli olduğunu vurğulayırlar...
«Yeni ərazilər uğrunda yeni müharibə» tezisinin müəllifi, sabiq müdaifə naziri David Tonoyanın məhkəməsi isə yenə təxirə salınıb və növbəti iclasın mayın 2-də olacağı qərara alınıb. D.Tonoyana ordunun döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq tədbirlər görməməsi, baha qiymətə keyfiyyətsiz silahlar satın alması və s. maddələrlə açılan cinayət işinin tam yekunlaşmadığı da, yeni şəxslərin istintaqa cəlb olunmaları da ictimaiyyətdə birmənalı qarşılanmayıb. Şərhlərin çoxunda bildirilir ki, o məğlub hərbi nazir kimi ciddi cəzalandırılmalıdır.
Qarabağdakı separatçı qurumun başçısı Araik Harutyunyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın iqmətgahına gedib onunla görüşməsi nin bəzi detalları da mətbuata ötürülüb. «L.Ter-Petrosyan A.Harutyunyana Azərbaycana qarşı danışarkən ehtiyatlı olmağı, emosional çıxış etməməyi dəfələrlə tapşırıb» - deyən hərbi ekspert Hrarya Arzumanyan «1 xəbər mərzəki»nə verdiyi müsahibədə bildirib ki, Araik yeri gəldi-gəlmədi heç bir əsası olmayan, reallığa söykənməyən fikirlər söyləyir ki, bu da Azərbaycan tərəfini əsəbləşdirməyə bilməz. Ona görə də o məsləhət görür ki, həm Araik Harutyunyan, həm də Levon Ter-Petrosyan siyasi səhnəni tərk etməlidirlər. Bununla bağlı maraqlı şərhlər də yazılmışdır. Bəzi ermənilər göstərirlər ki, Qarabağ məhz Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrdə ermənilərin əlinə keçib. Araik isə nə siyasətçi, nə də normal təfəkkürə malik adamdır: «Bəzən elə danışır ki, elə bil Qərbin bütün silahlı qüvvələrinin komandanıdır».
Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Nikol Paşinyanın görüşəcəkləri barədə xəbərlər də geniş yayılmaqdadır. Erməni mətbuatı onu da bildirir ki, Paşinyan Brüsselə getməzdən öncə müxaliət liderləri ilə görüşüb bəzi məsələlər barədə danışmaq istəyir. Amma müxalifət, xüsusilə milli demokratik «Qütb» adlanan anti-Rusiya təmayüllü radikal təşkilat Paşinyanın Azərbaycan prezidenti ilə görüşünün əksinə gedir və aprelin 4-də «Qütb»ün idarə heyətinin üzvü Jirayr Səfilyan «1 xəbər mərkəzi»ndə müsahibə verərək xalqı aprelin 9-da saat 13-də Respublika meydanına toplaşaraq Nikol Paşinyanın istefasını tələb etməyə çağırıb. O həmişəki kimi yenə də Qərbin dəstəyinə ehtiyac olduğunu bildirərək vurğulayıb ki, Ermənistan Rusiya ilə olan bütün münasibətlərini kəsməlidir. Bu xəbər də birmənalı qarşılanmayıb. Ermənilərin çoxu bu fikirdədir ki, əgər Ermənistan Rusiyadan üz döndərsə o ciddi cəzalandırılacaq.
Nəsib QARAMANLI