“15 dəqiqəlik şəhər” konsepsiyasının vəd etdiyi imkanlar
Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Fatma Yıldırım deyib.
Deputat konsepsiyanın əsas üstünlüklərinə də toxunub: “Bu konsepsiyanın tətbiqi ilə yaşayış məhəllələrində məktəb, bağça, səhiyyə xidməti, sosial obyektlər, parklar və gündəlik xidmətlər piyada və velosiped məsafəsində yerləşdirilir. Bu yanaşma şəhərlərdə iri, bir-birindən uzaq zonalar əvəzinə, kompakt və funksional məhəllələrin formalaşmasına şərait yaradır.
Modelin tətbiqi nəticəsində yeni yaşayış massivlərinin planlaşdırılması daha balanslı aparılacaq, ictimai nəqliyyat məhəllələrarası əlaqəyə yönələcək, küçə və ictimai məkanlar isə piyada üçün təhlükəsiz və rahat şəkildə dizayn ediləcək. Sosial obyektlərin şəhərin mərkəzində deyil, birbaşa yaşayış ərazilərində yerləşdirilməsi vətəndaşların gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Konsepsiya geri qayıdışı keyfiyyətli sosial mühitlə təmin edəcək
Bu yanaşma xüsusilə Qarabağ və Şərqi Zəngəzurda əhalinin geri qayıdışı baxımından mühüm əhəmiyyət daşıyır. İnsanlar yalnız evlərinə deyil, eyni zamanda normal və rahat yaşayış mühitinə – təhsilə, səhiyyəyə, iş imkanlarına və sosial həyata qayıtmış olacaqlar. Eyni zamanda, “15 dəqiqəlik şəhər” modeli yerli sahibkarlığın inkişafına, məhəllə səviyyəsində xidmət və ticarət obyektlərinin formalaşmasına, regionlarda məşğulluğun və iqtisadi aktivliyin artmasına real stimul verəcək”.
Bakıda keçiriləcək WUF13 Azərbaycanın müasir şəhərsalma strategiyasının beynəlxalq təqdimatıdır
Fatma Yıldırım hesab edir ki, bu konsepsiya yenidən qurulan bölgələrdə sadəcə müasir şəhərlər deyil, uzunmüddətli yaşayış üçün cəlbedici, sosial baxımdan güclü və dayanıqlı icmaların formalaşdırılması baxımından mühüm imkan kimi qiymətləndirilməlidir: “Bu baxımdan Bakı şəhərində keçiriləcək World Urban Forum Azərbaycanın şəhərsalma və regional inkişaf sahəsində beynəlxalq səviyyədə formalaşan müasir yanaşmalara qoşulduğunu göstərən mühüm platforma kimi dəyərləndirilməlidir. Bu tədbirin Bakıda keçirilməsi ölkəmizin dayanıqlı şəhər mühiti, insan yönümlü planlaşdırma, sosial infrastrukturun əlçatanlığı və yaşayış məkanlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində seçdiyi strateji xəttin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır və Qarabağla Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərinin rahat yaşayış mühiti, kompakt məhəllələr və sosial baxımdan güclü icmaların formalaşdırılması istiqamətinə uyğun aparıldığını bir daha nümayiş etdirir”.
Qeyd edək ki, 2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək. Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün indiyədək 166 ölkədən 13 min nəfər qeydiyyatdan keçib. (APA)