25.01.2026, 02:52
AZ EN
20.01.2026, 12:10 156

Milli yaddaşımızda qanla yazılan qəhrəmanlıq salnaməsi

YAZILAR
  • Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində dərin iz buraxmış hadisələrdən biri 20 Yanvar faciəsidir. Bu qanlı hadisə yalnız bir qırğın deyil, eyni zamanda xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və qəhrəmanlıq ruhunun təzahürüdür. Sovet imperiyasının bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı müstəqil yaşamaq əzmindən dönməmiş, bu yolda canını fəda edən şəhidlərimiz milli tariximizə əbədi həkk olunmuşdur.

1990-cı il yanvarın 20-də baş vermiş və xalqımızın milli yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş bu hadisələrdən 36 il ötür. Həmin gecə Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən qəflətən Bakı şəhərinə yeridildi. Küçə və meydanlarda toplaşan dinc, əliyalın əhaliyə qarşı misli görünməmiş vəhşilik törədildi. Nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi, minlərlə vətəndaş yaralandı.
20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyasının insanlığa sığmayan bu əməlləri xalqımızın iradəsini sındıra bilmədi. Azərbaycan xalqı həmin gün hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi.
20 Yanvar hadisələrindən sonra xalq daha bir acı həqiqətin şahidi oldu. Xalqın mübarizəsini və tökülən qanı siyasi məqsədləri üçün alətə çevirən qüvvələrin əsl mahiyyəti üzə çıxdı. Hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün mövcud imkanlardan istifadə edilmədi. Lakin həmin ağır və təhlükəli dövrdə heç bir təzyiqdən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə açıq etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verdi.
1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına baxmayaraq, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. O, cəsarətli bəyanatla dinc və əliyalın əhalinin qırılmasını hüquqa, demokratiyaya və humanizmə zidd olan kobud siyasi səhv kimi ifşa etdi, SSRİ rəhbərliyinin Bakıya qoşun yeritməsi ilə bağlı qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi. Bu tarixi mövqe xalqın mübarizə ruhunu daha da gücləndirdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun sözlərinə görə, Ümummilli Lider 20 Yanvar şəhidlərinin ailələrinə, həmin hadisələrdə əlil olmuş vətəndaşlara daim diqqət və qayğı göstərmiş, bu istiqamətdə mühüm qərarlar qəbul etmiş, sərəncamlar imzalamışdır.
Deputat vurğulayıb ki, bu gün də Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Yanvar cinayəti nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının iradəsini və milli azadlıq uğrunda mübarizə əzmini sarsıda bilmədi. Həmin gecə həlak olan vətən oğulları xalqımızın müstəqillik yoluna işıq saldı, Azərbaycanın azad gələcəyinin təməlini qoydu.
Keçmiş sovet imperiyasının ağır texnikası ilə törədilən bu qanlı qırğından illər keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin və mətinliyinin rəmzidir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin əbədi simvolu kimi gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaqdır.
Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər