Bu sözləri açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Azərbaycan Minsk qrupunun ləğv edilməsinə nail olmaqla, Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2020-ci ildə əldə etdiyi hərbi Qələbəni indi həm də diplomatik və siyasi zəfərə çevirə bildi. Eyni zamanda, özünün haqlı mövqeyini beynəlxalq instansiyalarda qəbul etdirməyi bacardı.
“ATƏT-in Minsk qrupunun ləğvi qərarı regionda siyasi durumu Azərbaycanın nəfinə uyğun formada tamamilə dəyişir. Ərazi bütövlüyü, suverenliyi bərpa edilmiş, hərbi baxımdan qüdrətli, diplomatik müstəvidə güclü olan ölkəmizin regional lider statusunu daha da möhkəmləndirir.
Nəzərə almaq lazımdır ki, Minsk qrupu 1992/1997-cı illərdə formal olaraq “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə” təsis edilsə də, gerçək niyyət fərqli olub. O, reallıqda həmsədr ölkələrin- Rusiya, ABŞ və Fransanın Cənubi Qafqaza yönəlik maraqlarının təmin edilməsi üçün vasitəçi aləti kimi istifadə olunub. Bu baxımdan Minsk qrupu münaqişənin həlli üçün deyil, status-kvonun qorunub saxlanılması, uzun müddətə yaşadılması üçün çalışırdı. Qrupun təşəbbüsü ilə hazırlanmış “Key West danışıqları” (2001), Madrid prinsipləri (2007), Kazan görüşü (2011) on illər ərzində müzakirə mövzusu olsa da, münaqişənin həllində heç bir real nəticə verməmişdi”, - deyə ekspert bildirib.
O əlavə edib ki, Minsk qrupunun ləğvindən sonra təkcə Ermənistan-Azərbaycan münasibətlərində deyil, ümumilikdə Cənubi Qafqaz regionunda şərtlər dəyişir, bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Həmçinin regional əməkdaşlıq formatlarında Azərbaycanın mövqeyi güclənir. Sentyabrın 1-də verilmiş qərar göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. (AZƏRTAC)