25.01.2026, 06:21
AZ EN
19.01.2026, 16:23 182

Qanlı Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir

YAZILAR
  • 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan xalqımıza qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi. Baş vermiş hadisələr, həmçinin dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bütövlükdə, 20 yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsi hesab olunur.

Onun sözlərinə görə, milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Ermənistanın respublikamıza yönəlik ərazi iddialarına qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün sovet rəhbərliyi Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Ümumilikdə hadisələr zamanı respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib.

Milli Məclisin deputatı qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Belə ki, ozamankı hakimiyyət qırğının qarşısını almaq üçün heç bir addım atmadı. Sevinc Fətəliyeva xatırladıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

“Ulu Öndər cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 1990-cı il 21 noyabr tarixli qərar qəbul etdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı”, - deyə deputat əlavə edib.

O deyib ki, ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi əbədiləşdirilib, dövlətimiz faciə zamanı zərər çəkmiş insanlara daim qayğı göstərir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldılıb. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə yüzminlərlə insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. (AZƏRTAC)

Oxşar xəbərlər