19.11.2025, 20:26
AZ EN
07.11.2025, 14:40 241

Şuşa Zəfəri: Qafqazda yeni dövrün başlanğıcı

YAZILAR
  • 8 Noyabr - Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış Qələbə tarixidir. 2020-ci ildə  Müzəffər Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi ilə Vətən müharibəsinin taleyini həll edən dönüş nöqtəsi yaşandı. Bu tarixi zəfər Azərbaycanın dövlətçilik iradəsini, hərbi gücünü və milli birliyini dünyaya nümayiş etdirdi. Şuşa Zəfəri təkcə bir şəhərin azad olunması deyil, həm də Cənubi Qafqazda yeni siyasi reallığın başlanğıcı oldu.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov əlamətdar gün ərəfəsində mətbuata verdiyi açıqlamada bildirib: 

"Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinə həmçinin Zəfər Günü kimi düşdü. Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi".

Millət vəkili sonra vurğulayıb ki, Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:

"Qarabağı, Şuşanı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu".

Deputat daha sonra qeyd edib ki, Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyi regionda sabitliyin əsasını qoyur: 

"Şuşanın işğaldan azad olunması ilə yeni düzənə daxil olan Qafqazda artıq əməkdaşlıq mərhələsi formalaşmaqdadır. Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sülh və stabilliyi dəstəkləyir".

Vüqar Bayramov həmçinin qeyd edib ki, işğaldan azad edilən ərazilərin dirçəldilməsi sürətlə davam edir: 

"60 minə yaxın vətəndaşımız artıq azad edilən torpaqlarda yaşayır və işləyir. Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərin sayı 16 mindən çoxdur. Gələn ilin sonuna qədər bu rəqəm 140 minə çatacaq".

Deputat qeyd edib ki, dövlət bu bölgənin bərpasına xüsusi önəm verir: 

"İndiyədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il azad olunmuş ərazilərə minimum 4 milyard manat, gələn il isə 3,5 milyard manat ayrılması planlaşdırılır. 2026–2029-cu illərdə isə bu məqsədlə 13,5 milyard manat vəsait nəzərdə tutulub".

Millət vəkili sonda əlavə edib: 

"Artıq regiona sərmayə cəlbi də sürətlənir. Yalnız Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına 50 milyon manatdan artıq investisiya yatırılıb. Bu da Qarabağın iqtisadi reinteqrasiyası və inkişaf potensialının göstəricisidir. Qarabağ getdikcə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməkdədir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər