“Vətən gücü” partiyasının sədri Tiqran Arzakansyan “Hraparak”ın müxbiri Hayk Gevorkyana verdiyi müsahibədə deyib ki, Paşinyan partiya sədrlərinin çoxsaylı suallarını “vaxt azdır”- deyə cavabsız qoyub. Sentyabrın 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatların nəticəsində xeyli erməni hərbçisinin öldürülməsi ilə bağlı məsələdən danışarkən isə “cəmi iki ay əsgər olan təcrübəsiz uşaqları düşmənin xüsusi təlim görmüş dəstələrinin qarşısına çıxarıb onları qoyun kimi qırdırıblar. Əvvəlki döyüşlərdən nəticə çıxarmaq lazımdır. 3-4 gündə 400 erməni gəncinin itirilməsi Ermənistanın yüksək rütbəli hərbçilərinin müasir döyüş taktikasına malik olmadığını sübut edir” - deyə partiya sədri Azərbaycanla sərhəddə təcrübəsiz 19-20 yaşlı əsgərlərin deyil, ehtiyatdan çağırılmış yuxarı yaşlı adamların olmasını və onlara yüksək əməkhaqqı verilməsini tövsiyə edib. Paşinyanın polis işçilərinin əmək haqqlarını və mükafatlarını xeyli artırmasını düzgün hesab etməyən T.Arzakansyan Ermənistandakı mövcud durumu düzgün qiymətləndirdiyini, ancaq Paşinyanın istefasının tələb olunmasını normal hesab etmədiyini vurğulayıb və digər soydaşları kimi ölkənin digər dövlətlərin hərtərəfli yardımına ehtiyacı olduğunu bildirib.
Həmin gün növbəti dəfə xarici işlər nazirliyinin qarşısına toplaşan “Hadrut naminə” ictimai birliyinin sədri Levon Hayryan isə indiki şəraitdə kiminsə istefaya getməsini istəmədiyini bildirərək Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin olunmasının, özünün və soydaşlarının geri qayıdıb yaşamalarını arzuladığını bildirib. Siyasətlə məşğul olmadığını deyən hadrutlu erməni sonda deyib ki, Qarabağ hansı dövlətin, tutaq ki, Ərəbistanın tərkibində olursa-olsun, fərqi yoxdur, təki mən evimdə yaşayım.
Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir və onların təhlükəsizliyi üçün məsuliyyət daşıdığını, zamin olduğunu dəfələrlə bəyan edib. Bu baxımdan Hadrutdan köçüb gedən ermənilər də Azərbaycan vətəndaşı kimi öz evlərində rahat yaşaya bilərlər.
Nəsib QARAMANLI