21.11.2024, 22:55
AZ EN
12.10.2022, 16:24 197

Tanınmış erməni siyasətçi Ermənistanı vassal dövlət hesab edir

YAZILAR
  • Paşinyanın inqilabına qədər Ermənistan parlamentinin sədr müavini olan, Respublika partiyasının funksioneri Eduard Şarmazanov oktyabrın 12-də  “24 Nevs”ə verdiyi və demək olar ki, bütün informasiya agentliklərinin yaydığı müsahibəsində Ermənistan üçün yenilik olan bir sıra nüanslara toxunub.

 Yeri gəlmişkən, xatırladaq ki, E.Şarmazanov Çəmbərək rayonundandır. Anası voronejli rus olan Eduardın atası Livarid Şarmazanyan 70-ci illərin əvvəllərində Qaraqoyunlunun Çaykənd kənd orta məktəbində rus dili müəllimi, sonra rayon komsomol komitəsinin birinci katibi, 80-ci illərin əvvəllərindən isə rayon xalq maarifi şöbəsinin müdiri, 1988-ci il noyabrın 24-dən isə rayon partiya komitəsinin katibi işləyib. Qaraqoyunlu camaatının yaxşı tanıdığı Livarid Şarmazanyanın oğlu Edu ləqəbli Eduard Qarabağ separatizmi başlayana qədər rayon mərkəzində yaşayan azərbaycalı uşaqlarla dostluq etmiş, sonra isə birdən-birə barışmaz düşmənə çevrilmişdi. Ermənistanda Respublika partiyası yaradılarkən onun gənclər təşkilatına sədr seçilən Eduard sonra həmin partiyanın mətbuat katibi, daha sonra isə deputat kimi parlamentin vitse-spikeri təyin olunmuşdu. Erməni opponentlərinin dediyinə görə, yüksək nitq qabiliyyətinə malik olan Eduard həm də anası Valyanın doğulub böyüdüyü ölkənin, yəni Rusiyanın təəssübkeşlərindəndir.

Paşinyanın komandası hakimiyyətə gəldikdən sonra ona qarşı ən kəskin çıxış edən də məhz Eduard Şarmazanov olub. 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkiləri zamanı Şarmazanovun çıxışları Paşinyanın komandasının minlərlə seçici səsi itirməsi ilə nəticələnib. 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti ilə barışmayan digər revanşistlər kmi E.Şarmazanov da hakimiyyəti ciddi tənqid, bəzən isə etikaya sığmayan sözlərlə təhqir edib. Bu ilin aprelində başlayan etiraz aksiyaları zamanı dəfələrlə tribunadan xalqı Paşinyanı devirməyə və Azərbaycanla müharibəyə səsləyən bu siyasətçi indi verdiyi müsahibədə də ənənəsini isbatlayıb. O junralistin suallarını cavablandırarkən bildirib ki, 3-cü erməni respublikası məhz 1988-ci ildən başlayan Qarabağ hərəkatı əsasında yaranıb və Paşinyan iqtidarına qədər Ermənistan qalib ölkə kimi öz maraqlarını diqtə edirdi. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”, D.Tonoyanın  “yeni ərazilər uğrunda yeni maharibə” sözlərindən sonra Azərbaycanın müharibə üçün legitimlik əldə etdiyini dəfələrlə vurğulayan  E.Şarmazanov onu da etiraf edib ki, əgər Rusiya müdaxilə etməsəydi, Azərbaycan Zəngəzuru da yarıb keçərdi. Ermənistanın müstəqil dövlət deyil,  bir neçə dövlətin vassalı olduğunu xüsusi vurğulayan erməni siyasətçi  bildirib ki, hazırda Paşinyan dördüncü respublika yaradıb və bu respublikanı Qərb, ən çox isə Fransa idarə edir. “N.Paşinyan İlham Əliyevin yanında dərsini bilməyən uşaq kimi görünürdü”-, deyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu dəfələrlə bildirən Eduard bu müsahibədə də dəfələrlə deyib ki, “əgər Nikol Ermənistanın, “arsaxın” mənafeyinə uyğun gəlməyən sənədə imza atırsa, başını divara vurur”. Paşinyanı daxili, Azərbaycanı və Türkiyəni isə Ermənistan üçün xarici təhlülkə hesab edən sabiq vitse-spiker indiki şəraitdə Ermənistan üçün xilas yolunun Paşinyanın və komandasının istefa verməsində görür. Qərbin, o cümlədən Fransanın ünvanına tənqidi sözlər deyən Şarmazanovun Rusiyaya bel bağlamağı sözügedən müsahibənin bir neçə yerində işlətdiyi ifadələrdən aydın görünür. O, “biz heç bir sənədə imza atmamaqla vaxt udmalı və əlverişli şəraitdə öz istəklərimizi həyata keçirməliyik”-, deyə hamının Paşinayanın istefasına çalışmasını məsləhət görüb. Radikallığı ilə seçilən və özünü Paşinyan komandasının barışmaz düşməni hesab edən E.Şarmazanovun gələcəkdə baş nazir postuna yiyələnmək üçün çalışması isə müsahibə alan jurnalistin gəldiyi qənaətdir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər