Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Mircəlil Qasımlı qeyd edib ki, 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ 50 mindən çox insanın həyatına son qoydu, yüz mindən artıq insanın xəsarət almasına və böyükmiqyaslı dağıntılara səbəb oldu. Bu ağır günlərdə Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olaraq, əsl həmrəylik və qardaşlıq nümunəsi göstərdi. Xalqlarımız bu ağır faciənin kədərini birgə yaşadılar. İlk andan etibarən Türkiyənin kədərinə şərik olan Azərbaycan xalqı “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini əməli şəkildə nümayiş etdirdi.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən Türkiyəyə göndərilən axtarış-xilasetmə dəstələri, tibbi heyət, humanitar yardımlar xalqlarımız arasında sarsılmaz birliyin növbəti təzahürü idi”, - deyən deputat qeyd edib ki, Azərbaycan dövlətinin təşəbbüsü və birbaşa dəstəyi ilə Kahramanmaraş şəhərində qısa müddətdə inşa edilən “Azərbaycan” məhəlləsi ölkələrimiz və xalqlarımız arasındakı birliyin və həmrəyliyin rəmzidir.
Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində 1194 mənzildən ibarət 68 yaşayış binasının, Heydər Əliyev adına müasir ibtidai məktəbin, uşaq bağçasının, mədəniyyət mərkəzi və ticarət obyektlərinin inşası zəlzələdən zərər çəkmiş minlərlə ailəyə sevinc bəxş etməklə, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir.
“Azərbaycan Prezidentinin məhəllənin açılış mərasimində bildirdiyi kimi, Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır, bir-birinin gücünü artırır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan birliyi bu gün nəinki region üçün, dünya miqyasında önəmli amilə çevrilib”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Vətən müharibəsinin Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdığını söyləyən deputat qeyd edib ki, qardaş Türkiyə dövlətinin və xalqının müharibənin ilk saatlarından Azərbaycana açıq dəstəyi xalqımızı ruhlandırdı, ədalətli mübarizəmizə mənəvi və siyasi güc qatdı.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işlərini uğurla həyata keçirir, otuz il ərzində Ermənistan tərəfindən viran qoyulmuş torpaqlarımız bu gün yenidən qurulur. Uzun illər Vətən həsrəti ilə yaşamış insanların doğma torpaqlarına qayıdışı təmin olunur. Türkiyə dövləti də qısa müddət ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində böyük uğurlara imza atıb. Yeni, müasir binalar tikilir, infrastruktur yenidən qurulur. Təbii ki, bu iki məqam, eyni zamanda Azərbaycanın və Türkiyənin iqtisadi qüdrətinin bariz göstəricisidir.
“Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ölkələrimiz arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi”, - deyən deputat məhəllənin iki qardaş xalqın qəlbində qardaşlıq abidəsi kimi daim yaşayacağını vurğulayıb. (AZƏRTAC)